
“Qanunda dəyişikliklərə əsasən hər bir vətəndaşa ovçuluq təsərrüfatı yaratmaq hüququ əldə edəcək”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
““Ovçuluq haqqında” Qanunun 21.1.1 maddəsinə əsasən, hüquqi və fiziki şəxslər mülkiyyətində və ya icarələrində olan torpaqlarda fərdi ovçuluq təsərrüfatları təşkil edə bilərlər. Maddənin əlavə edilməsinə səbəb ovçuluq sahəsində sahibkarlığın inkişafına xidmət etməkdir”.
Komitə sədrinin sözlərinə görə, yeni yaradılacaq təsərrüfatlarda da “Qırmızı kitab”a düşən heyvanların ovlanması qadağan olunacaq.
“Dəyişikliyə əsasən də yalnız ovuna icazə verilən heyvanları ovlamaq mümkün olacaq. Yeni maddə ilə ov etmək ixtiyarı verir, amma şərt deyil ki, orda yalnız ov həyata keçirilsin. Bu həmçinin müəyyən növ heyvanların artırılmasına da xidmət edəcək. Şəxs öz vəsaiti hesabına müxtəlif heyvanları almaqla ilk öncə onların yetişdirilməsini həyata keçirəcək”.
Qeyd edək ki, “Ovçuluq haqqında” Qanuna görə, fərdi ovçuluq təsərrüfatını təşkil edən şəxs ovçuluq turizmi ilə məşğul olanlar üçün müvafiq infrastrukturun yaradılmasını, dövlət ov fondunun səmərəli istifadəsini, habelə ov obyektlərinin qış mövsümündə yemlənməsini, qışlama yerlərini, nəsilartırma və çoxalma şəraitini təmin etməlidir. Ərazinin bir hissəsi vəhşi heyvanların yetişdirilməsi və mühafizəsinə xidmət edir, həmin ərazidə ovçuluğa yol verilmir. Amma bağlanmış müqavilələrə əsasında ovçular üçün ov təşkil edilə bilər. Lakin ov zamanı həmin təsərrüfatın sərhədləri tərk edilməməlidir. Dövlət təbiət qoruqlarından və milli parklardan 5 kilometrdən az məsafədə olan ərazidə fərdi ovçuluq təsərrüfatlarının təşkil edilməsinə yol verilmir. Eyni zamanda bu qanunun tələblərini pozan şəxslər inzibati xətalar və cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Gülşən RAUFQIZI