“Gürcüstanda yaşayan soydaşlarımız ermənilərə qarşı informasiya müharibəsindən yararlanır. Azərbaycana bağlı qeyri-hökumət təşkilatları və Gürcüstan vətəndaşı olan sadə azərbaycanlılarda Qarabağ ağrısı həmişə olub”. Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov məcbur köçkünlərin yaydığı müraciətə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, Dağlıq Qarabağ problemi Gürcüstanda yaşayan soydaşlarımızın bir nömrəli ürək ağrısıdır. “Buna baxmayaraq, Gürcüstan vətəndaşı olan azərbaycanlıların bu ölkədə yaşayan ermənilərlə kontaktda olması normal qarşılanmalıdır: “Biz bir dövlətin vətəndaşıyıq.Xoşumuza gəlsə də, gəlməsə də ermənilərlə xarici təşkilatların təşkil etdiyi hansısa tədbirlərdə ünsiyyətdə oluruq. Amma Gürcüstandakı azərbaycanlıların ermənilərlə sıx əlaqəsi yoxdur”.
Qeyd edək ki, bu gün bir qrup məcburi köçkün İran və Gürcüstanda yaşayan azərbaycanlılara müraciət ünvanlayıb.
Müraciətdə məcburi köçkünlər soydaşlarımızdan Qarabağ məsələsində prinsipal mövqe nümayiş etdirmələrini xahiş ediblər və onları adıçəkilən ölkələrdə yaşayan ermənilərlə sıx əlaqədə olmamağa çağırıblar.
Aqşin Kərimov