“Təhsil qanunvericiliyinə görə, tələbə ixtisasını dəyişəndə ödənişli təhsil alır. Buna görə də İqtisad Universitetinin Xüsusi istedadlar fakültəsinə qəbul olunmaqla ixtisası dəyişən 74 tələbə ödənişli təhsil aldıqları halda, ali təhsil ocağına pul ödəməyiblər”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Marketinq və Kommunikasiya Departamentindən bildiriblər.
“Həmin tələbələr 275 min manat məbləğində olan borcu ilə bağlı Təhsil Nazirliyinə və universitet rektoruna müraciət ediblər. Onlar xahiş ediblər ki, Elmi Şuranın qərarı ilə yığılıb qalan bu təhsil haqqı borcları ADİU-nun vəsaiti hesabına ödənilsin”.
Qeyd edək ki, ADİU-nun təhsili ingilis dilində olan Xüsusi istedadlar fakültəsi ilə bağlı dünən universitetin Elmi Şurasında borc məsələsi də müzakirə olunub. 74 tələbənin üst-üstə 275 min manatlıq borcu silinib.
2011-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetində yaradılan Xüsusi istedadlar fakültəsinin dekanı ADİU-nun keçmiş rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevadır. Fakültənin yaradılmasında məqsəd müasir informasiya və telekommunikasiya texnologiyalarından intensiv istifadə etməklə Amerika və Avropa universitetləri səviyyəsində qabaqcıl təhsil proqramları tətbiq etməkdir. Tədris Harvard. Kembric, Oksford universitetlərinin tədris planları ilə uyğunlaşdırılıb.
Məltəm TALIBZADƏ