“Biz həmişə mülkünü partiyamıza verdiyinə görə, Azər Əsgərova minnətdar olmuşuq”. Bunu Modern.az saytına Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev partiyanın qərargah kimi istifadə etdiyi, bir neçə ay əvvəl partlayış baş verdikdən sonra sökülən mülkün sahibi Azər Əsgərovun ittihamlarına cavab verərkən deyib. Onun sözlərinə görə, partiya Azər Əsgərovun cəsarətini həmişə qiymətləndirib:
“Partiya əlindən gələn imkanlar çərçivəsində ona dəstək olmağa çalışıb. Beynəlxalq aləmə onun fikirlərinin çatdırılmasında “Azadlıq” qəzeti bütün məsələləri, məhkəmələri işıqlandırıb. AXCP üzvləri də imkan dairəsində mobil vasitələrlə məhkəmələrdə iştirak etməyə çalışırlar. Bu gün də bizim partiyanın Azər Əsgərova münasibəti çox istidir. Onun bu fikirləri nəyə görə səsləndirdiyi açığı mənə məlum deyil”.
Sədr müavini Azər Əsgərovun AXCP-nin sədri Əli Kərimli barəsində dediklərinə də aydınlıq gətirib:
“Əli Kərimlinin adından danışmaq istəməzdim. Amma mən şahidiyəm ki, AXCP Əli Kərimlinin liderliyi altında həmişə bu məsələni gündəmdə saxlayıb. Bununla bağlı müzakirələr gedib, ona dəstək ifadə olunub. Səsləndirdiyi fikirlərlə bağlı müəyyən araşdırmalar aparacağıq. Təbii ki, onun mülkiyyəti əlindən gedib, kifayət qədər ziyana düşüb, təzyiqlərlə üzləşib. Bütün bu məsələlər ona çox pis təsir edir. Biz də onu anlamağa çalışmalıyıq”.
Qeyd edək ki, AXCP-nin istifadə bir neçə ay əvvəl fəaliyyət göstərdiyi qərargah partlayış baş verdikdən sonra sökülüb. Mülkün sahibi Azər Əsgərov “Yeni Müsavat”a müsahibəsində isə dəyən ziyana görə AXCP sədri Əli Kərimlinin onu müdafiə etmədiyini bildirib. Mülk sahibi məhkəmə çəkişməsi, vətəndaşlıqdan imtina və müdafiəsi istiqamətində gedən işlərdən danışıb. O, AXCP-nin ona bu məsələdə dəstək vermədiyini vurğulayıb.
Rüfanə Günəş