“QHT-lərlə bağlı Azərbaycan və ABŞ arasında mübahisəli mövqenin yaranması təbiidir. Ancaq Ağ Ev nəzərə almalıdır ki, Azərbaycan ABŞ və onun müttəfiqlərini neft-qazla təmin edir”. Bunu Modern.az saytına açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycanla ABŞ arasında yaranan diplomatik gərginliyi şərh edərkən deyib.
Ekspert bildirib ki, ABŞ Azərbaycanın iqtisadi cəhətdən Qərbin keşiyində dayanması amilini gözardı etməməlidir. Onun sözlərinə görə ABŞ Azərbaycan hakimiyyətini tənqid etsə də, Qarabağın Ermənistan tərəfindən işğal edilməsini dilə gətirməyib. “Azərbaycan işğala məruz qalan ölkədir. Ölkəmizdə ədalət axtarmağa çalışan və QHT-lərin azadlığını istəyən ABŞ bununla, Azərbaycan xalqının rəğbətini qazanmaq istəyir. Amma ABŞ Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı da qərəzsis mövqe sərgiləməlidir”.
Siyasi təhlilçi hesab edir ki, Azərbaycan – ABŞ arasındakı gərginliyin təhlükəli perspektivi yoxdur.
“Çünki Azərbaycan ABŞ-la Əfqanıstan arasında körpü rolunu oynayır. ABŞ-ın bir sıra strateji maraqları Azərbaycan vasitəsi ilə həyata keçirilir. Əfqanıstandakı qoşunlara yemək, ərzaq, texnika daşınması və oradan çıxarılan şəxsi heyətin geri qaytarılması Azərbaycan vasitəsi ilə həyata keçirilir. Azərbaycan ABŞ üçün geosiyasi cəhətdən çox böyük əhəmiyyətə malikdir. Hazırkı gərginlik isə formal xarakter daşıyır”.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Qlobal Təşəbbüsünün illik sessiyasında Azərbaycanda QHT-lərin fəaliyətinə əngəllər yaradıldığını söyləyib. Onun bu açıqlamasına Azərbaycan hökuməti də etiraz edib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ağ Ev rəhbərinin dediklərinin həqiqətə uyğun olmadığını bildirib.
Aqşin Kərimov