Modern.az

Azərbaycanda “ana müxalifət” hansı partiyadır?

Azərbaycanda “ana müxalifət” hansı partiyadır?

Təhsil

25 Sentyabr 2014, 13:40

 

Azərbaycanda siyasi proseslərin durğun olmadığı zamanlarda “ana müxalifət” anlayışı deyilən ifadə var idi. Əslində dünyanın sivil və inkişaf etmiş bütün ölkələrində hakimiyyətə gəlmək uğrunda sivil və dinc mübarizədə ana müxalifət rolunda çıxış edən hansısa partiya olur. Bu, həm də ölkədəki partiyaların nüfuzunu müəyyənləşdirmək üçün bir vasitədir.

Ana müxalifət funksiyasını öz öhdəsinə götürən partiya isə bu və ya digər seçkidə hakimiyyətə gələn qüvvə ilə müqayisədə ən çox səs toplayır. Azərbaycanda uzun müddət bu missiya Müsavat Partiyasıda idi. İndi isə ümumiyyətlə, ana müxalifət haqda danışan belə yoxdur. Modern.az saytı bununla bağlı keçirdiyi sorğunu təqdim edir.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı indiki zamanda bu məsələnin mübahisəli olduğunu deyib: “Bu məsələ bir qədər mübahisəlidir. Ana müxalifətin müəyyənləşməsi məsələsi nə ilə ölçülür?! Əslində Müsavatın bu məsələdə həm cəmiyyətdə, həm də müxalifət partiyaları arasında hər zaman öndə olduğu görünür. Hazırda Azərbaycan siyasətində yeni bir mərhələ başlayır. Müsavat Partiyası da Azərbaycan siyasətində həm gündəmdə, həm də öndə olan partiyadır. Sanki partiyanın qurultaya hazırlığı prezident və seçkiləri ilə müqayisə olunacaq səviyyəyə gəlib çıxıb. Bu da onu göstərir ki, Müsavat həmişə öndə olan partiyadır. Ona görə də Müsavatı “ana müxalifət” adına iddialı və ona layiq olan partiya hesab edirəm”.  

AXCP  sədrinin müavini  Fuad Qəhrəmanlı “ana müxalifət” anlayışını ictimai sorğularla müəyyən etməyin mümkün olduğunu düşünür: “Ana müxalifət” anlayışı daha çox demokratik cəmiyyətlərə aid olan termindir. Çünki seçkinin nəticəsindən asılı olaraq daha çox səs toplayan partiya “ana müxalifət” hesab olunur. “Ana müxalifət”in müəyyən olunma kriteriyası parlamentdə təmsilçilikdir. “Ana müxalifət” anlayışı AXCP üçün aktual deyil. Düşünürəm ki, bu cür məsələlərə cəmiyyət özü münasibət bildirməlidir. Bunu ictimai sorğular zamanı müəyyən etmək olar”.  

ADP sədri Sərdar Cəlaloğlu  bəzi səbəblərə görə “ana müxalifət” termininin artıq gündəmdən çıxdığını deyib: “Əvvəla, partiyaların “ana müxalifət” adına iddialı olmalarının iki səbəbi var. Birincisi, özlərini ölkədə ən güclü partiya kimi göstərmək istəmələridir. İkincisi, ölkədə demokratik təşkilatların mövcudluğuna maraqlı olan müəyyən qüvvələrin seçim imkanının olmasıdır. Uzun illərdir ölkədəki ictimai-siyasi vəziyyət partiyaların zəifləməsinə gətirib çıxarıb. Bu gün xalqın problemlərini təkcə öz çiyninə götürəcək elə bir partiya yoxdur. Yalnız blok şəklində birləşib nəsə etmək olar. Bu iki obyektiv səhvin ucbatından indi “ana müxalifət” deyilən anlayış yoxdur”.

AMİP-in sədri Yusif  Bağırzadə isə ümumiyyətlə, “ana müxalifət” terminini qəbul etmir: “Əvvəla, “ana müxalifət” varsa, “bala müxalifət”, yəni alternativi də olmalıdır. Ona görə də bu termini qəbul etmirəm. Bu termin bugünkü gün üçün əhəmiyyətli deyil. Bunun üçün xüsusi proqram olmalıdır. Elə başa düşürəm ki, bu gün Azərbaycan siyasi səhnəsində fəaliyyətdən asılı olaraq təsiri az olan partiyalar var. Bəzi partiyaların 10-15 üzvü var”.    

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın sözlərinə görə, bu məsələ artıq aktual deyil: “Ana müxalifət” anlayışı daha çox parlamentar sistemdə diqqət cəlb edən məsələdir. Bir vaxtlar Azərbaycanda parlamentar sistemin əlamətləri var idi. Parlamentə seçkilərdə proporsional sistem də tətbiq olunurdu. Belə terminin mövcudluğu mümkün görünürdü. İndi isə bu məsələ artıq gündəmdə deyil. Ona görə də cürbəcür sistem əsasında bu proseslər önəm kəsb etmir və bu məsələnin yenidən gündəmə gətirilməsi aktual deyil”.

Namidə Bingöl  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı