“Bələdiyyələrlə bağlı qanunvericiliyə artıq müəyyən dəyişikliklər edilib. Əmlak vergisi ilə bağlı dəyişikliyə görə hesablama kvadratmetrə əsasən aparılır. Güman edirəm ki, bu bələdiyyələrin büdcəsinin artmasına müəyyən mənada kömək edəcək”. Bu barədə Modern.az-a "Bələdiyyələrin fəaliyyətinin təbliği ” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib.
QHT rəhbərinin sözlərinə görə cəmiyyətdə bələdiyyələrə olan münasibət mütləq dəyişməlidir: “Bələdiyyələrin seçkili orqan olaraq səlahiyyətləri artırılmalı, qanunvercilikdə olan boşluqlar, nəzərdə tutulan, amma icrası həyata keçirilməyən məqamlar aradan qaldırılmalı, icrası sürətləndirilməlidir. Sevindirici haldır ki, əmlak vergisilə bağlı yanvarın 1-dən artıq yeni sistemə keçirilir. Başlanması, həyata keçirilməsi necə olacaq, bu hələ müəyyənləşməyib. Bu məsələlər öz həllini tapmalıdır ki, bələdiyyələrə də cəmiyyətdə inam artsın, seçici qarşısında üzüağ olsun”.Cəmiyyətdə formalaşan fikirlərə görə, növbəti bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin sayı olduqca aşağı olacaq.
QHT rəhbəri bunun səbəbini cəmiyyətdə bələdiyyələrə qarşı neqativ fikirlərin formalaşmasında görür:
“İctimai rəyin mənfi olmasının da haqlı səbəbləri var. Bu gün bələdiyyələr büdcəsində vəsaitin az olması səbəbindən ona müraciət edən vətəndaşa kömək edə bilmir, problemini həll etmək iqtidarında deyil”.
Vüqar Tofiqli bütün bunların əsas səbəbi kimi bələdiyylərin sayının həddindən artıq olmasını vurğulayıb: “Bələdiyyələri dövlət sifarişli edə bilərlər, konkret layihələr verilə bilər. Hesab edirəm ki, bələdiyyələrlə bağlı məsələyə kompleks yanaşılmalıdır. Prezident yanında yerli özünüidarəetmə şurası ilə yanaşı, qanunvericilikdəki boşluqlar, onların icra mexanizmi və digər problemlər öz həllini tapmalıdır”.
Gülşən RAUFQIZI