Modern.az

Ekspert və deputat Prezident sərəncamı haqda: “Sənədin təhlükəsizliyimizə böyük xeyri dəyəcək”

Ekspert və deputat Prezident sərəncamı haqda: “Sənədin təhlükəsizliyimizə böyük xeyri dəyəcək”

Təhsil

25 Sentyabr 2014, 17:57


“Avqust ayında cəbhə bölgəsində baş verən hadisələrdən sonra belə bir sərəncamın olması vacibdir”. Bunu Modern.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamı şərh edərkən qeyd edib ki, bu sərəncam bütün KİV və müvafiq dövlət orqanları üçün lazımlı sənəddir.

“Sərəncamdan irəli gələrək müvafiq qurumlar öz işlərini tənzimləməlidirlər. 1994-cü ildə “Hərbi vəziyyət haqqında” Qanun qəbul olunmuşdu. Lakin o zaman Azərbaycanda nə internet media resursları, nə də sosial şəbəkələr var idi. O qanundan illər keçib və zamanına, məkanına görə çox dəyişikliklər olub. O qanunun təkmilləşdirilməsinə çox böyük ehtiyac var idi. Bu sərəncamdan sonra Nazirlər Kabineti müvafiq müddəaları işləyib təqdim edəcək. İllər ərzində qanunların müddəalarında xeyli dəyişikliklər olub. Xeyli görüləsi işlər var”.

Ü. Cəfərovun sözlərinə görə, bu sərəncamın təhlükəsizliyə xeyli xeyri dəyəcək:

“1998-ci ildə qəbul olunmuş fərmanın müvafiq dövlət qurumlarına şuraların yaradılması ilə bağlı vəzifələr və tapşırıqlar verilmişdi. Bu tapşırıqlar ilk zamanlarda yüksək səviyyədə yerinə yetirilirdi. Sonradan bu məsələlər bir az arxa plana keçdi.  Sərəncamdan sonra bu sahəyə də diqqət artacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətinə operativ olmaq tapşırılıb. Bu çox önəmlidir. Məlum hadisələr baş verəndə mətbuat xidməti zamanla ayaqlaşa bilmədi və düşmən dezinformasiyalar yaydı. Bu da xoşagəlməz mənzərələr yaratdı.

Döyüş bölgəsindəki hissələrin komandanlığı ilə birlikdə, yerlərdə patrul xidm’ti göstərilməsi nəzərdə tutulur. Həmin patrul dəstələrində ərazini yaxşı tanıyan şəxslər bizim 18-20 yaşlı gənclərimizə kömək edəcəklər.  Bütün bu tədbirlər həyata keçirilsə, Azərbaycanın təhlükəsizliyinə çox böyük xeyri dəyəcək”.

Millət vəkili Aydın Mirzəzadə  bu sərəncamı indiyədək görülən işlərin davamı hesab edir: “Torpaqlarının bir hissəsi işğal altında olan bir dövlət üçün cəbhə bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələ həmişə aktual olaraq qalır. Ermənistanla müharibə şəraitindəyik. Bu sərəncam indiyə qədər görülən işlərin davamıdır. Bu sərəncamda göstərilənlərin həyata keçirilməsi dövlət əhəmiyyətli məsələlərdir. Hesab edirəm ki, bu məsələlər yüksək səviyyədə həyata keçiriləcək”.

Rüfanə GÜNƏŞ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı