
Ukraynanın beşinci prezidenti Pyotr Poroşenkonun bu gün 49 yaşı tamam olur. Dünən keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin, ümumiyyətlə heç kimin hədələrindən qorxmadığını bəyan edən Poroşenko indi Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanması, Rusiya muzdluları ilə birləşən yerli terrorçuların ölkənin şərqində hökm sürən özbaşınalıqlarına son qoyulması kimi ciddi, həm də çətin bir missiyanın öhdəsindən gəlməlidir.
Modern.az isə Ukrayna KİV-nə istinadən beşinci prezidentin uşaqlıq illəri ilə bağlı maraqlı məqamları təqdim edir. Bu haqda onun sinif yoldaşları və qonşuları məlumat veriblər. Əyalət şəhəri olan Bolqraddakı sinif yoldaşları onun sakit, xeyirxah və səxavətli xarakterli olduğunu söyləyirlər. Cüdo üzrə keçmiş məşqçisi onu güclü, cəld və məqsədyönlü biri kimi xarakterizə edib. Poroşenkonun kiçik vətəni Bolqrad Odessadan 170 kilometr aralıda Moldova səmtində yerləşir. İndiki prezident ömrünün ilk 8 ilini Lenin küçəsindəki səliqəli həyətdə keçirib. Poroşenko ailəsinin keçmiş qonşusu Stepan İvanoviç Pyotrun uşaqlığını demək olar xatırlamır, ancaq məmnuniyyətlə onun atası haqda danışır:
“Onun atası çox yaxşı təşkilatçı idi, həm də ciddi insandır. O, həm uşaqlarına, həm də bizə qarşı həqiqətən sərt davranırdı. Onun sözü bizim üçün qanun idi”.
Sinif yoldaşları Lyudmila və Larisa ilə Poroşenko 1 nömrəli gimnaziyada oxuyub. Onların sözlərinə görə, Petya xuliqan olsa da, həmişə qızları şirniyyata qonaq edərmiş: “Normal oxuyub, ancaq əlaçı olmayıb”.
Lyudmila indiki prezidentlə bir partada oturub, partanı xətlə yarıbayarı böldüklərini xatırlayır, ancaq sonradan Poroşenkonun yerini müəllimlə üzbəüzdəki stola, əlaçı Tanya Sleptsovanın yanına dəyişiblər. Lyudmilanın sözlərinə görə, Pyotr onu və digər qızları tez-tez evlərinə qədər ötürər, həmişə çantalarını daşımaqda yardımçı olardı.
Atası Aleksey Poroşenko Pyotru Bolqraddan Moldovanın Bender şəhərinə yollayıb. İndiki prezident orta məktəbi orada bitirib və cüdoya gedib. Onun o zaman öyrəndiyi idman fəndləri parlamentdə opponentlərini sakitləşdirmək üçün köməyinə çatıb.
Orta məktəbi bitirəndən sonra Poroşenko Kiyevə yollanaraq orada Ukrayna SSR-nin ən prestjjli fakültəsi sayılan beynəlxalq əlaqələrə qəbul olub. 80-ci illərin sonlarında isə Poroşenko ilk milyonları qazanaraq universitetə “Volqa” ilə gəlib-gedirmiş. Sonradan isə “Roşen” şirkətini qurub. O, zamanında Ukraynanın ən varlı adamlarından biri olub, “Forbes” jurnalı Poroşenkonun varidatının 1,8 milyard dollar olduğunu açıqlayıb.

Modern.az