Modern.az

“Qarant Holding” Rauf Arifoğluna məğlubiyyəti şərhsiz qoydu

“Qarant Holding” Rauf Arifoğluna məğlubiyyəti şərhsiz qoydu

Təhsil

26 Sentyabr 2014, 15:20


“Hakim iddia ərizəsini geri qaytarıb. Səbəbi isə çox sadədir. Qarşı tərəf iddiaçı kimi yazdığı iddia ərizəsini imzalamayıb”. Bu barədə Modern.az-a “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu iş adamı Anar Məmmədovla məhkəməsini şərh edərkən deyib. Onun sözlərinə görə, belə olan halda Cinayət Məcəlləsinin 293.3.7-ci maddəsinə görə, həmin iddia ərizəsi əsasında heç bir məhkəmə prosesi baş verə bilməz.

“Bunu əvvəldən bilsək də, mediaya açıqlama vermədik. Çünki qarşı tərəf məhkəməyə qədər səhvini düzəldə bilərdi. İndi zəhmət çəksinlər, əgər həvəsləri və arzuları varsa, yenidən məhkəməyə müraciət etsinlər. Hər halda bir neçə ay sonra məhkəməyə müraciət etsələr belə, müdafiəyə hazırıq”, – deyə baş redaktor əlavə edib. 


“Vəkillərim Cavad Cavadov və Elçin Sadıqov proses zamanı çox keyfiyyətli müdafiə sərgiləyiblər. Onlar həm hakimə, həm də qarşı tərəfin vəkillərinə sübutlar təqdim ediblər. Anar Məmmədov məhkəmə səbəbi kimi bu il iyulun 8-də verdiyim “Məmmədovlar terrorist klana çevrilməkdədi” başlıqlı müsahibəni əsas gətirir. Vəkillər indiyə qədər “Məmmədovlar klanı”  haqqında gedən audio və veb materialları toplayaraq hakimə təqdim ediblər. Həmin yazıların heç birinə təkzib verilməyib. Ona görə də bu yazılar qanuni istinad və mötəbər sübut sayılır”.

Məhkəmə prosesi ilə bağlı Anar Məmmədovun sahibi olduğu “Qarant Holdinq”in mövqeyini öyrənmək mümkün olmadı. Şirkət rəsmiləri Modern.az-a hər hansı açıqlama və ya şərh verməkdən imtina etdilər.

Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə vermişdi.

İddia ərizəsində A. Məmmədov R. Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb etmişdi.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı