Jurnalist İlham Cəmiloğlunun “Yaxın, uzaq Xankəndi” adlı yeni kitabı işıq üzü görüb. Müəllifin sayca onuncu olan bu kitabı Xankəndinin tarixindən bəhs edir. Kitabda Ermənistanın Azərbaycana qarşı soyqırımı və təcavüz siyasətindən, Dağlıq Qarabağda və onun mərkəzi şəhəri olan Xankəndində baş verən münaqişələrin kökündən söhbət açılır.
Müəllif kitabda ermənilərin zaman-zaman Qarabağa köçürülməsi, Azərbaycanın əzəli torpağı olan Xankəndində ermənilərin məskunlaşdırılması siyasəti ilə bağlı tarixi faktlara geniş yer ayırıb.
O cümlədən kitabda Sovet hakimiyyətinin mövcudluğunun ayrı-ayrı dövrlərində, xüsusilə 1967-ci ildə ermənilərin Xankəndində azərbaycanlılara qarşı mənəvi və fiziki təzyiqlərindən, törətdikləri vəhşiliklərdən bəhs edən yazılar yer alıb.
“Yaxın, uzaq Xankəndi” kitabında oxuculara həmçinin Xankəndinin Milli Qəhrəmanları və şəhidləri haqqında məlumatlar da təqdim olunur.
Həmkarımızı yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, yaradıcılıq uğuları arzulayırıq.

Modern.az