Modern.az

“Hökümət parlamentdə bəzi yerləri Müsavata bəxş edə bilər” - Rəsul Quliyev İsa Qəmbərə SÖZ ATDI

“Hökümət parlamentdə bəzi yerləri Müsavata bəxş edə bilər” - Rəsul Quliyev İsa Qəmbərə SÖZ ATDI

Təhsil

28 Sentyabr 2014, 22:28


ABŞ-da mühacirətdə olan Milli Məclisin eks-spikeri Rəsul Quliyev Müsavat Partiyasının qurultayına, başqan seçkisinə və İsa Qəmbərin 2018-ci il president seçkisinə namizəd élan olunmasına münasibət bildirib.
Modern.az saytının xəbərinə görə, Facebook-da bu haqda geniş status yazan Rəsul Quliyev Müsavat Partiyasına əməlli-başlı sataşıb. Rəsul Quliyev yazır:

Bu qurultay Azərbaycanda demokratiyanın hərəkətə gəlməsi üçün klassik partiya funksionerlərinin mütləq siyasi səhnəni tərk etməsinin vacibliyini bütün çılpaqlılığı ilə gündəmə gətirdi.

Müsavat Partiyasının qurultayı nəhayət baş tutdu. Qəzetlərə qoyulmuş şəkillərdən partiya üzvlərinin orta yaşlarının 50-dən az olmadığı qənaətinə gəlmək olar. Hər halda qurultay nümayəndəsi olan gənclər gözə dəymirdi. Bu nümayəndələrin nə vaxt, yəni hansı ildə seçildiyi məlumdurmu? Mən bilmirəm. Onu deyə bilərəm ki, ölkədəki və Müsavatın öz daxilindəki ab-havanı ifadə edən insanlar deyildirlər. Neçə illərin hay-küyündən sonra maksimum 6 saatlıq çıxışlar və müzakirələrlə işini bitmiş hesab edən qurultayın strategiyası və hansı isə bir mübarizədə qələbəyə ümidi ola bilərmi? Mümkün deyil.

Məlum oldu ki, Müsavat Partiyasının pulu olmadığına görə ancaq 12 saatlıq qurultay keçirə bilər. Bu 12 saatın 2 saatı qeydiyata alınmağa və 4 saatı səsvermə və sayma prosesinə ayrılırsa, hansı ana müxalifətçilikdən və hakim partiya olmaqdan söhbət gedə bilər. Əlavə bir gün qurultaylarını uzatmaq üçün 2640 manat pul tapa bilməyən partiya hansı prezident seçkisində iştirak edəcəyindən dəm vurur? İldə 2 milyard manatdan çox əmək haqqı alan 5 milyon azərbaycanlıdan 2640 manat ianə verməyə bir 50 nəfəri tapa bilməyən partiyanın özünü ana və ya bala müxalifət adlandırmağa haqqı varmı?
 
2014-cü ilin sentyabrında, prezident seçkisinə 4 il bir ay qalmış necə və hansı məntiqlə bu gün qurultay öz namizədini təsdiqləyə bilər? Belə uşaq hərəkətləri ilə nə qədər bu xalqı aşağılamaq olar. Nə vaxt bu saqqalı uşaqlar heç olmazsa, 18 yaşlı gənclərə çevrilə biləcəklər.

Bütün dünyada körpədən qocaya qədər, prezident seçkisində partiyaların öz namizədlərini müəyyənləşdirməsi üçün daxilində seçim prosesini seçkiyə 2 (ABŞ) və ya bir il qalmış (Fransa, Brazilya, Argentina və sair) başladığını bilir. Seçkiyə maksimum 3 ay qalmış kimin namizəd olacağını elan edir. Bu onun üçün edilir ki, seçki ərəfəsində ən yüksək reytinqi olan seçkidə iştirak etsin. Müsavatın indidən prezidentliyə namizəd elan etməsi qeyri-ciddiliyin ən yüksək səviyyəsidir. Bu sadəcə olaraq Müsavatın prezident olmaq ambisiyasının olmadığını elan etməkdir.

Yeni başqan namizədliyi hökümət tərəfindən dəstəklənən insandır. Mən bu seçimdə hökümətin necə və hansı şəkildə rol oynadığını deyə bilmərəm, ancaq qurultayın üzvlərinin verdiyi səs hökümətin arzusu ilə üst-üstə düşüb. Bəs qurultayında açıq şəkildə prezident ambisiyasının olmadığını elan edən Müsavat Partiyasının ambisiyası nədir? Sözsüz 2015-ci il parlament seçkilərində 2-3 deputat yeri almaq. Hökümətin belə bir işi görə biləcəyi realdır. Hökümət indiki parlamentdə olan “müxalif” deputatlardan kimlərinsə yerlərini Müsavata bəxş edə bilər, şərtləri nə olacaq, hələ demək mümkün deyil.

Hər halda o 2-3 adamın içərisində İsa Qəmbər olmayacaq. O çıxışında deyir ki, “21 ildir mən bu hökümətlə, onlar da mənimlə mübarizə aparırıq. Nə onlar məni dəyişə bildi, nə də mən onları, yəni pat vəziyyətidir, qalib məlum olmayıb”.

Belə bir iddia gülüşdən başqa nə doğura bilər, yəni istehzalı gülüş. İsa Qəmbərin onları dəyişə bilməməsi barədə elana ehtiyac yoxdur, bu məlumdur. Ancaq hökümətin İsa Qəmbərin dəyişilməsi üçün mübarizə apardığını görməmişəm və heç vaxt eşitməmişəm. Məgər onu dəyişib nazir qoymaq və ya deputat etmək fikirləri olub nə vaxtsa?

Hər halda 1993-cü ilin iyunundan 1996-cı ilin sentyabrına qədər (mənim ölkədə olduğum vaxt) heç kim heç vaxt belə bir fikirə düşməmişdi.

Müsavat Partiyası keçirilməsi çoxdan mümkün olan ancaq nə səbəbdənsə keçirilməyən bu əcaib qurultayından sonra dağılmağa başlayacaq. Onun qarşısını heç nə saxlaya bilməz. Yeni başqan ətrafdakıların hamısına “səni deputat edəcəyəm” sözünü verməklə bu prosesin qarşısını almağa çalışacaq, ancaq bu mümkün deyildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı