“Müsavat Partiyasının qurultay zamanı keçirdiyi başqanlığa seçki çox şəffaf və ədalətli oldu. Bu qurultay Müsavat Partiyasına yaraşan idi”. Bunu Modern.az saytına açıqlamasında Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli deyib. O, Müsavatdakı başqanlıq seçkisindən sonra partiyada yaranan qalmaqalı şərh edərkən bildirib ki, saxtakarlıqlarla bağlı ittihamların əsası yoxdur.
Arzu Səmədbəylinin sözlərinə görə başqanlığa namizədlərin nümayəndələri seçki komissiyasında olub və yekun səsvermə protokolunu imzalayıb. “Bu seçki Azərbaycan üçün örnəkdir. Seçki kampaniyası dövrü təbii ki, narazı tərəflər oldu. Ola bilsin ki, partiya daxilində bir-birlərinə qarşı ədalətsiz mövqelər səsləndirilsin. İstənilən seçkidən sonra bu cür söz-söhbətlərin olması normaldır. Amma bu narazılıqlar seçkinin ədalətli və şəffaf olmasına kölgə salmaq gücündə deyil”,-deyə partiyanın Məclis rəhbəri bildirib.Qeyd edək ki, sentyabrın 27-də Əmircandakı Səttar Bəhlulzadə adına mədəniyyət evində Müsavat Partiyası qurultayını keçirdi. Qurultayda səs çoxluğu ilə Arif Hacılı partiyanın yeni başqanı seçildi. Lakin Arif Hacılının alternativi Qubad İbadoğlunun xeyrinə başqanlığa namizədliyini geri götürən Səxavət Əlisoy və Müsavatın Divan üzvü Vurğun Əyyub seçkinin saxtalaşdırıldığını iddia edir.
Bildirək ki, başqanlığa namizədlər Arif Hacılı 228, Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs yığmışdı.
Aqşin Kərimov