Azərbaycan Həmkarlar İttifaqlarının xəttilə bu il yüz minə yaxın həmkarlar ittifaqı üzvü özü, yaxud ailəsi ilə birgə istirahət etmək imkanı əldə edib.. Həmkarlar İttifaqlarının nəzdindəki sanatoriya-kurort müəssisələrinə göndərilənlərdən əlavə, sahə həmkarlar ittifaqı təşkilatlarının vəsaitləri hesabına respublikanın istirahət mərkəzləri ilə bağlanan müqavilələr əsasında işçilərin həmin mərkəzlərdə 3-5-7-14 günlük istirahətləri də təşkil edilib. Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.
Bu mövsümdə istirahətə getmək istəyənlərin sayı ötən mövsümlə müqayisədə 15 faiz artıb. Yollayışların qiymət artımına gəlincə, S.Mehbalıyev vurğulayıb ki, ötən illə müqayisədə həmkarlar ittifaqlarının sanatoriya-kurort müəssisələrində qiymətlər demək olar sabit qalıb: “Özəl sektorda fəaliyyət göstərən istirahət mərkəzlərində isə qiymətləri sahibkarlar özləri təyin edir. Biz qiymət məsələsində onların işinə müdaxilə edə bilmərik. Onların təyin etdiyi qiymətlər sahə həmkarlar ittifaqı təşkilatlarında müzakirə edilir, münasib bilindikdə müqavilə bağlanır, sərfəli qiymətlər olmadıqda isə danışıqlar yolu ilə qiymətlərin aşağı salınmasına nail olunur və həmin istirahət mərkəzləri ilə müqavilələr bağlanır. Bağlanan müqavilələrin şərtlərinə uyğun olaraq həmkarlar ittifaqı təşkilatı il boyu, yaxud da 3 ay müddətinə tələb olunan vəsaiti ödəyir. Builki mövsümdə müqavilə bağlamaq üçün danışıqlar apardığımız bir sıra şirkətlərin təklif etdikləri qiymətlər bizi qane etmədi. Biz öz şərtlərimzi irəli sürdük və münasib qiymətlər barədə razılaşma əldə etdikdən sonra həmin şirkətlərlə 100-150 min manatlıq müqavilələr bağladıq. Artıq qiymətlər barəsində onu deyə bilərəm ki, həmin şirkətlər bizim diktə etdiyimiz qiymətlərə yaxınlaşırlar. Ona görə ki, Həmkarlar İttifaqından başqa onlardan külli miqdarda yollayışlar alan təşkilat yoxdur. Həmkarlar İttifaqı birdən-birə hər bir istirahət mərkəzinə 200-300 yollayış alır. Yəni 200 yollayışı birdəfəyə başqa bir şirkətə, təşkilata sata bilmirlər. Onlara uzaqbaşı bir-iki nəfər müraciət edir”.
Namidə BİNGÖL