Hindistanın paytaxtı Dehli şəhərində Jamia Millia İslamia Universitetində çıxışı zamanı millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Qarabağ probleminə xüsusi yer ayırıb.
Deputatın verdiyi məlumata görə, o, Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi torpaqlarda apardığı etnik təmizləmə siyasəti, tarixi, dini, mədəni abidələri dağıtması, Xocalı soyqırımı, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi barədə məlumatlar verib: “Ermənilərin törətdiyi Xocalı Soyqırımı yalnız azərbaycanlılara qarşı bir soyqırım deyil, bütün insanlıq əleyhinə bir cinayətdir və dinindən, milliyyətindən asılı olmayaraq dünyada barış və sülh, ədalət tərəfində olan hər kəs Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. 1 milyon azərbaycanlı Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam edir. Dünya ədalətin yanında olan insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Hindistanda insanların Azərbaycan tarixi, mədəniyyəti ilə bərabər Qarabağ həqiqətləri ilə də bağlı daha geniş məlumatlandırılmasına böyük ehtiyac var. Bu istiqamətdə Hindistanın mərkəzi universitetlərindən biri olan Jamia Millia İslamia Universitetinin böyük rol oynaya bilər və bu dəstəyə ehtiyac var”.
Universitetin İncəsənət fakültəsinin dekanı, Prof.Dr. Qəzənfər Zahidi və bir çox müəllim və araşdırmaçılarının qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin Hindistanda daha geniş yayılması istiqamətində bu cür tədbirlərə, görüşlərə və müzakirələrə geniş ehtiyac olduğunu deyib.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Qəzənfər Zahidi başda olmaqla tədbirdə iştirak edən Hindistan alimləri və araşdırmaçılarını Azərbaycana dəvət edib. Dəvəti böyük məmuniyyətlə qəbul edən Qəzənfər Zahidi və alimlər Azərbaycanı görməkdən, əməkdaşlığı daha da genişləndirməkdən məmuniyyət duyacaqqlarını deyiblər.
Modern.az