“Coca-Cola və bir çox digər içki şirkətlərinin birgə həyata keçirdiyi “Balanslı kalori” təşəbbüsü yalnız Amerika Birləşmiş Ştatları üçün nəzərdə tutulub”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq “Coca-Cola Azerbaijan” şirkətindən bildiriblər.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-da içki şirkətləri məhsullarındakı kalori miqdarını azaltmaq üçün razılığa gəlimişdilər. Gəlinən razılaşmaya əsasən, ABŞ-da satılan içkilər daha kiçik və az kaloriyə sahib olacaq. Coca-Cola, Pepsi və Dr Pepper kimi içki istehsalçıları ABŞ-da satdıqları məhsullardakı kalori miqdarını 20% azaldacaq. Belə qərarın verilməsinə səbəb ABŞ-dakı artıq çəki probleminə qarşı aparılan mübarizəyə dəstək olmaqdır.Modern.az belə təşəbbüsün Azərbaycanda olub-olmayacağı barədə Coca-Colaya sualla müraciət edib. Şirkətdən bildiriblər ki, bu təşəbbüs sırf ABŞ-a aid olsa da, Azərbaycanda da bir sıra tədbirlər həyata keçiriləcək. Şirkət bu yaxınlarda Səhiyyə Nazirliyi ilə birlikdə əhalinin həyat tərzini araşdırmağa başlayacaq. Araşdırma nəticəsində insanların fəal və sağlam həyat tərzinə hansı faktorların nə dərəcə təsir etdiyi müəyyənləşdiriləcək. Sağlam həyat tərzi Azərbaycan prezidentinin müvafiq fərmanı ilə təsdiqlənmiş “Azərbaycan – 2020 Gələcəyə Baxış İnkişaf Strategiyası”nda öz əksini tapıb.
Rüfanə GÜNƏŞ