“Bu ilin ilk altı ayında Azərbaycana xaricdən 115,900 ədəd peyvənd edilmiş və edilməmiş qızılgül gətirilib”. Bunu Modern.az-a Dövlət Statistika Komitəsindən bildiriblər. Komitədən verilən məlumatda deyilir ki, bu güllərin gətirlidiyi ölkələr Macarıstan, Niderland və Türkiyə olub. Onlara ümümilikdə 90 min dollar vəsait xərclənib.
Ölkəyə idxal olunan güllərin içərisində kəsilmiş təzə qladioluslar ikinci yerdə durur. Belə ki, 2014-cü ilin ilk yarısında buket düzəltmək və ya dekorativ məqsədlər üçün Böyük Britaniya və Niderlanddan 112 mindən çox qladiolus gətirilib.Azərbaycan güllərin idxalı ilə yanaşı, ixracı ilə də məşğul olur. Belə ki, ölkəmizdən xarici ölkələrə kəsilmiş təzə qızılgüllər və təzə qərənfillər ixrac olunur. Bu ixracdan Azərbaycan ümumilikdə 22 min dollardan çox gəlir əldə edib.
Qızılgüllər Gürcüstana, qərənfillər isə Rusiya Federasiyasına ixrac olunur. Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru Asəf İsgəndərov deyir ki, Azərbaycanda qızılgülün 530 növü iqlimləşdirilib: “Azərbaycanın müxtəlif rayonlarında da həmin sortlardan var. Ölkəmizin özünün indiyə qədər xüsusi qızılgül sortu olmayıb. Azərbaycanda heç kim seleksiya ilə məşğul olmayıb. Yalnız 2006-cı ildən sonra bu işlərə başlamışıq. İndi Azərbaycanın patent aldığı 3 yeni növ var”. A. İsgəndərov deyir ki, hər gül bizim iqlimə uyğunlaşa bilmir: “Nəbatat Bağının da əsas məqsədi xaricdən gətirilən sortları, Azərbaycan şəraitinə uyğunlaşdırmaqdır. Hər il Azərbaycan 100 mindən də artıq qızılgül gətirilir. Bütün şəhəri bəzəyirlər Onların hamısı Azərbaycan şəraitinə uyğunlaşdıra bilmir və nə qədəri məhv olur. Onların ömrü 6 aydan, 1 ildən artıq olmur. Ona görə də, həmin sortlar bizim şəraitə iqlimşədirilməlidir. Abşeronun iqlimi tamam başqadır. Yayın qızmar istilərinə onlar tab gətirə bilmir. Bitkiləri öyrənməliyik, təsnif etməliyik və sonra ölkəyə gətirməliyik”.
Xaricdən buket düzəltmək və ya dekorativ məqsədlər üçün güllər sifariş verən şirkətlərdən birinin əməkdaşı Modern.az-a bildirib ki, hansı gülləri sifariş verməyimiz müştərilərin tələbatından asılıdır: “Azərbaycana buket düzəltmək və ya dekorativ məqsədlər üçün idxal olunan güllər üçün olan xüsusi soyducularda saxlanılır. Həmin soyuducular müəyyən dərəcədə saxlanılır. Güllərin nə qədər müddət qalması, onların sortundan asılıdır. Bəzi güllərin ömrü qısa, bəzilərinin ki uzun olur. Biz xarici ölkələrdən sifariş verəndə müştərilərin tələbatını nəzərə alırıq”.
Rüfanə GÜNƏŞ