Yol hərəkəti sahəsində insanların maarifləndirilməsinə xidmət, bu sahədə çatışmazlıqları üzə çıxaran Avtosfer.az saytına kütləvi haker hücumu başlayıb. Bu barədə saytın rəhbəri Elməddin Muradlı məlumat verib. Onun sözlərinə görə, ötən həftənin cümə günündən başlayaraq sayta kütləvi hücumlar başlayıb:
«İnternet mütəxəssisləri bildirirlər ki, «ddos» hücumları ardıcıl edilir. Guya, Banqaladeşdən hücum edirlər. Amma məlum məsələdir ki, bu işi təşkil edənlər izi azdırmağa çalışırlar. Avtosfer.az saytında yol polisinin fəaliyyətindəki nöqsanlar barədə tez-tez yazılar veririk. Və hələ bir dəfə də olsun yol polisi bu yazılarla bağlı konkret və əsaslı mövqe bildirə bilməyib. Çünki biz əsassız nəsə yazmırıq. Bundan əlavə, son günlər Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xidməti avtomobilinin kobud yol hərəkəti qaydası pozuntuları barədə məlumatlar vermişik. Ən nəhayət, sonuncu yazılarımız Dövlət Neft Şirkətinin prezidenti, deputat Rövnəq Abdullayevin xidməti avtomobilinin adına 36 ödənilməmiş radar cəriməsinin olması barədə idi. Eyni zamanda, internetdə avtomobil dövlət nömrə nişanlarının satılmasından yazmışdıq. Bu yazılardan bir gün sonra sayta hücumlar başladı».
Elməddin Muradlı bildirib ki, saytın fəaliyyətini bərpa etmək hələlik mümkün olmayıb: «Saytın qoşulduğu serverə o qədər hücum ediblər ki, fəaliyyəti dayanıb. Mən saytı başqa serverə yönləndirdim, onu da çökdürdülər. Dünən saytı üçüncü yeni servere köçürmüşük. Hücumlar hələ də davam etdiyi üçün fəaliyyətimizi davam etdirə bilmirik. Hesab edirəm ki, bu hücumların arxasında konkret adamlar dayanır və onların barəsində məlumatlar toplayıb ictimaiyyətə çatdıracağıq. Haqlı sözün qarşısında aciz qalan insanlar, öz fəaliyyətini doğru-düzgün qura bilməyənlər güclərini mənasız işlərdə çınayırlar. Bu saytın fəaliyyəti deyəsən, çoxlarını narahat edir. Narahat olmağa ehtiyac yoxdur. Sadəcə, işinizi düz qurun, qaydaları pozmayın. Biz də görüb yazmayaq. Sizin atdığınız addım acizlikdir».

Modern.az