“AŞPA sənədlərinin yerinə yetirilməsi mexanizminin olmaması narahatlıq doğurur”. Modern.az xəbər verir ki, bunu sentyabrın 30-da Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışı zamanı millət vəkili Rövşən Rzayev deyib.
“AŞPA Avropada sabitliyin və təhlükəsizliyin qorunması ilə bağlı qərarlar və qətnamələr qəbul etsə də, onların yerinə yetirilməsi üçün xüsusi mexanizmin olmaması ciddi narahatlıq yaradır. Bu qərar və qətnamələrin yerinə yetirilməməsinə görə məsuliyyət diqqətdən kənarda qalır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə AŞPA tərəfindən alt komitənin yaradılmasına baxmayaraq, həmin strukturun fəaliyyətinin canlandırılması istiqamətində addımlar atılmır. Bu məsələdə nəticə əldə edilməməsində əsas məsuliyyət alt komitənin fəaliyyət göstərməsinə hər vəchlə maneə olmağa çalışan Ermənistan nümayəndə heyətinin üzərinə düşür”.“Təəccüblüdür ki, Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinə dair 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində son bir il ərzində demək olar ki, praktik addımlar atmır. Bu da münaqişə zonasında vəziyyətin getdikcə gərginləşməsinə səbəb olur. Cəbhə bölgəsində atəşkəs rejiminin tez-tez pozulması dinc mülki insanların həyatlarına son qoyulması, girov və əsir götürülməsi ilə nəticələnir”, - deyə deputat vurğulayıb.
Azərbaycanlı deputat həmkarlarını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alt komitənin fəaliyyətinin bərpa edilməsinə kömək etməyə çağırıb. “Dağlıq Qarabağda tezliklə sülhün bərqərar olmasına məhz birgə səylərimizlə nail ola bilərik”.
Sessiyada iştirak edən Azərbaycan deputatları çıxışlarında Ermənistanın ölkəmizə qarşı təcavüzü, bu işğalın doğurduğu fəsadları bir daha avropalı həmkarlarının diqqətinə çatdırıblar. Çıxışlarda Avropa Şurasının bu problemə adekvat diqqət ayırmadığı da təəssüflə qeyd olunub.
Xatırladaq ki, 2005-ci il yanvarın 25-də AŞPA «Dağlıq Qarabağ regionunda münaqişə haqqında» 1416 nömrəli xüsusi qətnamə qəbul edib. Qətnamədə Azərbaycan və Ermənistan deputatlarının iştirakı ilə Dağlıq Qarabağ məsələsi üzrə alt komitənin yaradılması əksini tapıb. Lakin ötən müddətdə bu struktur faktiki olaraq fəaliyyətə başlamayıb. Erməni tərəfin altkomitənin formalaşmasına qarşı çıxmaqla ümumilikdə 1416 nömrəli qətnamə icrasını da əngəlləməyə çalışır. Çünki qətnamədə ərazi bütövlüyü prinsipinin dəyişməzliyi və bir dövlətin ərazisindən regional ərazinin silahlı münaqişə yolu ilə ayrılmasının yolverilməzliyi vurğulanır. Sənədin 2-ci bəndində qeyd edilir ki, Ermənistanın Azərbaycan ərazisini işğal altında saxlaması bu ölkənin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozması deməkdir.
Təəssüf ki, Azərbaycan tərəfi Avropa Şurasında bu problemi dəfələrlə gündəmə gətirsə də, qurumun qəbul etdiyi qərar və qətnamələri icra etmək mexanizmi yoxdur.
Modern.az