“Hərbi münaqişə tərəflərinin əsirlərlə rəftarı beynəlxalq hüquqi normalarla tənzimlənir. Belə ki, Cenevrə Konvensiyasında hərbi əsirlərlə davranış ayrıca bir konvensiya kimi yer alıb”. Bunu Modern.az-a açıqlamasında hüquqşünas Erkin Qədirli deyib. Onun sözlərinə görə, münaqişə edən tərəflər əsirlərlə cinayətkar kimi davrana bilməz: “Konvensiyada xüsusilə vurğulanır ki, hərbi əsir (müharibə əsiri) cinayətkar deyil.
Onunla cinayətkar kimi davranıla bilməz, mühakimə etmək, cəzalandırmaq və onun şərəf və ləyaqətinə toxunmaq olmaz. Müharibə əsiri düşməndir, amma sənə qarşı açıq vuruşan biridir”.
E.Qədirli deyir ki, əsiri təhvil verərkən onun da fikirlərinə hörmət etmək lazımdır:“Əsirin də öz arzuları ola bilər. Əgər o, öz ölkəsinə hər hansı bir səbəbə görə qayıtmaq istəmirsə, Beynəlxalq Qızıl Xaç Komitəsi bu məsələdə vasitəçi olur. Heç bir dövlətin kimisə qəbul etmək, ona ərazisində sığınacaq vermək kimi beynəlxalq borcu yoxdur. Əsir özü ölkə seçə bilər, amma həmin ölkədə onu qəbul etməyə razılıq verməlidir.
Qızıl Xaçın da vasitəçiliyi ondan ibarətdir ki, əsiri qəbul edən ölkəyə aparsın. Bu məsələ konfidensial saxlanılır, çünki bu, artıq həmin adamın şəxsi həyatı və sirridir”. Hüquqşünas mülki şəxslərin üçüncü ölkəyə verilməsindən də danışıb: “Mülki şəxs müharibə əsiri sayıla bilməz. Cenevrə Konvensiyalarından biri də, mülki şəxslərə aiddir. Mülki şəxsi tutub-saxlayan, qəbul edən ölkə, onu təhlükəsizlik baxımdan yoxlayacaq. Əgər həmin şəxs tam zərərsizdirsə, əvvəlki qaçdığı ölkəyə qayıtmaq istəmir. Gəldiyi ölkə ona ərazisində sığınacaq verməlidir və ya üçüncü ölkəyə keçməyə şərait yaratmalıdır. Mülki şəxs üçüncü ölkəyə keçəndə də, onun təhlükəsizliyi üçün həmin ölkənin adı açıqlanmamalıdır”.
Qeyd edək ki, Azərbaycandan üçüncü ölkəyə təhvil verilən erməni əsir Akop İnciqulyan Ermənistana qayıdıb. A. İnciqulyan Moskvadan tranzit reyslə Yerevana gəlib. Onun Azərbaycandan təhvil veriləndən sonra Rumıniyada qaçqınlar düşərgəsində qaldığı bildirilir.
Erməni əsgəri olan Akop İnciqulyan 2013-cü ilin avqustun 8-də qoşunların təmas xəttini keçib və Azərbaycan tərəfinə təslim olub. O, əsgər yoldaşları və zabitlər tərəfindən döyüldüyünü və təhqir olunduğunu bildirib. Bu ilin avust ayının sonlarında isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə üçüncü ölkəyə təhvil verilib.
Rüfanə GÜNƏŞ