Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri müqəddəs Qurban bayramı münasibətilə cəbhə xəttində, düşmənlə üz-üzə dayanmış, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirib.
Alı Alıyev hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdəki səngərlərə baş çəkib, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, Qurban bayramı sovqatı çatdırıb. Alı Alıyev Qurban bayramının İslam dünyasının əsas bayramlarından biri olduğunu, İslam dinində bu günün xüsusı mahiyyət və əhəmiyyət kəsb etdiyini, onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığının öz əksini tapdığını vurğulayıb.
Şəxsi heyətlə keçirilən görüşdə çıxış edən icra başçısı Qurban bayramı münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Alı Alıyev bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad düşmən tapdağından azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:
“Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.
İcra başçısı qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev görkəmli siyasi xadim Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirib, ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub.
Alı Alıyev xidmətdə fərqlənən bir qrup zabit və əsgərə Fəxri Fərman təqdim edib, əsgərlərə vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik arzulayıb. Hərbi hissə komandanlığı bu cür görüşlərin keçirilməsinin əsgərlərə mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını vurğulayıb.
Sonda Füzuli rayon İcra Hakimiyyətinin başçısı tərəfindən gətirilən bayram sovqatı hərbi hissəyə təqdim olunub.




Modern.az