Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov prezident İlham Əliyevə açıq məktubla müraciət edib. Partiyanın mətbuat xidmətindən Modern.az saytına göndərilən məktubdan məlum olur ki, professor Hacıbaba Əzimov ölkə başçısından 18 Oktyabr Dövlət Müstəqilliyi Günü bayramına qeyri-iş günü statusunun verilməsini daha doğrusu bu statusun bərpa olunmasını istəyir.
Məktubda göstərilir ki, Azərbaycan xalqının böyük tarixi nailiyyəti olan dövlət müstəqilliyi xalqımızın uzun illər ərzində apardıgı agır, lakin şərəfli mübarizəsi sayəsində əldə olunub. Məhz xalq hərəkatının təzyiqi və istiqlalçı deputatların apardıqları ardıcıl gərgin və qətiyyətli mübarizə nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxtdan 18 oktyabr - Dövlət Müstəqilliyi Günü dövlət bayramı statusu alıb, bu tarix qeyri-iş günü olub və dövlət bayramı kimi ölkə miqyasında qeyd edilib.
“Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra müstəqil Azərbaycan Respublikası dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmış, beynəlxalq birliyin subyektinə çevrilmişdir”.
Açıq məktubda prezident İ.Əliyevin “Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq” kimi fikirləri, bu il avqustun 28-də Beyləqanda ictimaiyyətin nümayəndələri ilə görüşdəki çıxışında bəzi xarici dairələrin ölkədə sabitliyin pozulmasına, müstəqil Azərbaycanın asılı vəziyyətə düşməsinə cəhdlər göstərməsindən danışması və “ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar” kimi ciddi iddia irəli sürməsi xüsusi olaraq vurğulandıqdan sonra yazılır:
“Həqiqətən də ölkə daxilində, Sizin təbirinizcə desək, “xarici antiazərbaycan dairələrinə öz vicdanlarını satan” “milli satqınlar” vardır və onların arasında da milli dövlətçiliyimiz üçün ən təhlükəlisi Rusiyanın “beşinci kolonu”na mənsub olan antimilli etnik qruplaşmanın üzvləridir. Son illərdə bu qruplaşma açıq-aşkar Azərbaycanın milli müstəqilliyini təhdid edən xəyanətkar əməllərini daha da gücləndirmişlər. Məhz xarici kəşfiyyatın fitvası və ölkədaxili antimilli ünsürlərin məkrli fəaliyyəti nəticəsində Azərbaycanda Dövlət Müstəqilliyi Günü dövlət bayramına dünyada analoqu olmayan pis münasibət yaranmışdır”.
Məktubda belə bir paradoksal hala da diqqət çəkilir ki, hazırda Azərbaycanda hətta bəzi peşə bayramlarının da təntənəli şəkildə qeyd olunmasına baxmayaraq, Dövlət Müstəqilliyi Günü dövlət bayramı dövlət səviyyəsində layiqincə keçirilmir.
Açıq məktubun sonunda istiqlalçı deputat, professor Hacıbaba Əzimov VAMBP adından dövlət başçısı İ.Əliyevi Azərbaycan xalqının ali mənafeyini əsas tutaraq ölkəmizin Dövlət Müstəqilliyi Gününün – 18 oktyabrın qeyri-iş günü statusunun bərpa edilməsi ilə bağlı Milli Məclisə təklif verməyə və bu bayramın dövlət səviyyəsində geniş və təntənəli şəkildə keçirilməsi üçün zəruri tədbirlər görməyə çağırıb.