“Formula 1 Group”un baş icraçı direktoru Berni Ekklestoun Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olub.
Modern.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa məlumat verərək Mərkəzin əsas məqsədi barədə məlumat verib. O bildirib ki, burda məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, siyasi irsinin dərindən öyrənilməsi və təbliğidir. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biridir. Dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa olunmuş bu tikili paytaxtımızın qonaqlarının baş çəkdiyi əsas məkanlar sırasındadır. Berni Ekklestoun Mərkəzdə Heydər Əliyev Muzeyi, “Azərbaycan inciləri:tarixin axarında” sərgisi ilə tanış olub. Ümummilli liderin hakimiyyəti illərində istifadəsində olmuş və hazırda muzeydə nümayiş etdirilən avtomobillər qonağın xüsusi marağına səbəb olub.Berni Ekklestoun Mərkəzdə fransız rəssam Bernar Buffenin fərdi sərgisinə də baxıb. Bundan əlavə qonağa Heydər Əliyev Mərkəzində yaxın vaxtlarda Azərbaycan Avtomobil Federasiyası tərəfindən “Klassik Avtomobil Sərgisi”nin təşkil olunacağı barədə məlumat verilib. Sərginin eksponatlarından olan və hazırda Mərkəzdə nümayiş etdirilən retro avtomobillə xatirə şəkli çəkdirən Berni Ekklestoun bu layihəni yüksək dəyərləndirib.










Modern.az