Mehr agentliyinin bugünkü baş məqaləsi “Tehranın zəngin uşaqları“na həsr olunub. Modern.az xəbər verir ki, təxminən 63 min izləyici toplamış veb-səhifə İranda geniş ajiotaj yaradıb. Sözügedən agentliyin “Tehranın zəngin uşaqları hardan gəliblər?” adlı şərhi də bu mövzuya bir baxışdır.
Məqalədə “zəngin uşaqlar”ın varlığı danılmadan onlara dair ictimai rəydən nümunələr verilir. Lüks evlər və maşınlarda insanlara göz dağı verən bu harın təbəqənin öz peşələri ilə pul qazanması inkar edilməsə də, “çirkli kapital”dan da qaynaqlana bilməsi iddiası irəli sürülür.
“Mehr” bu gün paytaxt şəhərinin zəngin şimal hissəsi ilə kasıb cənub qismi arasındakı həyat tərzi fərqlərini etiraf edir. Maraqlı budur ki, həyatın dibinə enmiş təbəqə də “zəngin uşaqlar”a öz etirazını bildirmək üçün eyni vasitədən istifadə edib. Yəni sosial şəbəkələrdə “Tehranın yoxsul uşaqları” (Poor Kids of Tehran) adlı səhifə yaradılıb.
Qeyd edək ki, “Rich Kids of Tehran” (Tehranın Zəngin Uşaqları) adı ilə açılan hesabda iranlı zəngin gənclərin lüks və dəbdəbəli həyatını əks etdirən fotoşəkillər paylaşılır.
Fotoşəkillərdə estetik əməliyyat etdirən gənc qadınlar əllərində içki qədəhləri ilə poz verir. Zəngin kişilər isə hovuzda, bahalı avtomobillərində gülümsəyir.
Fotoşəkillərə edilən şərhlər fərqlidir. Bəziləri gəncləri ölkənin dini, mədəni quruluşuna zidd davranmaqla tənqid edir. Bəzi şərhlərdə isə ölkənin iqtisadi böhranda olduğu ifadə edilərək, zənginliyin xaricə vurulması tənqid edilir. Bununla yanaşı, fotoşəkillərlə bağlı kifayət qədər təriflər də yazılır.



Modern.az