Azərbaycan Tibb Universitetində (ATU) 2011-2014-cü illər ərzində rezidenturaya qəbulun nəticələrinə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, ATU-nun rektoru Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparatının rəhbəri Zəkiyyə Mustafayeva, ATU-nun professor və müəllim heyəti, həmçinin TQDK-nın, Səhiyyə Nazirliyinin və rezidenturaya qəbul aparılan baza tibb müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru Ə.Əmiraslanov rezidenturada təhsilin səviyyəsi, həkim-mütəxəssislərin hazırlanmasının mexanizmləri, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və s. məsələlər barədə məlumat verdikdən sonra söz TQDK sədri M.Abbaszadəyə verilib.
TQDK sədri M.Abbaszadə 2011-2014-cü illərdə rezidenturaya qəbulun nəticələri haqqında geniş məruzə ilə çıxış edib (//tqdk.gov.az/exam/residency/).
Tədbirdə TQDK-nın Ali təhsil üzrə Yoxlama-Ölçmə Materiallarının İşlənməsi şöbəsinin müdiri Natiq Əliyev rezidenturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının statistik təhlili haqqında ətraflı məlumat verib. Sonda tədbir iştirakçılarının təklif və tövsiyələri dinlənilmiş, sualları cavablandırıb.
Rüfanə GÜNƏŞ