Məqalədə qadınların ölkəmizin sosial-iqtisadi və siyasi həyatında aktiv iştirakı üçün yaradılan şərait, qadınların rəhbər vəzifələrə irəli çəkilməsi, yerli və respublika əhəmiyətli seçkilərdə fəal iştirakları, erkən nikaha qarşı mübarizə çərçivəsində qanunvericilik aktlarına edilən dəyişikliklər, məişət zorakılığının aradan qaldırılması üçün yaradılan sığınacaqlar, məlumatlandırma və xəbərdarlıq kampaniyaları, qadın hüquqlarının müdafiəsi ilə bağlı QHT-lər tərəfindən irəli sürülən layihələrə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə dəstəyi verilməsi, Avropa və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilməsi kimi məsələlər Azərbaycanın uğuru kimi qeyd edilib.
Məqalədə həmçinin həmmüəlliflərin Avropa Birliyi institutları, beynəlxalq qurumlara tövsiyələri də əksini tapıb: “Avropa Birliyi başa düşməlidir ki, qadın hüquqlarının müdafiəsi Avropanın yaxın qonşularının ərazisində sekulyarlığın və demokratiyanın inkişafı, dini ekstremizmlə mübarizə sahəsində böyük gücdür. Avropanın yaxın qonşuluğunda yeganə müsəlman ölkəsi olan Azərbaycanın nəzərəçarpan səyləri Avropa Birliyi tərəfindən bəyənilməli və dəstəklənməlidir. Bu ölkənin qadın hüquqlarının müdafiəsi istiqamətində əldə etdiyi uğurlar model kimi istifadə olunmalıdır”.
Xatırladaq ki, məqalənin müəlliflərindən olan Anne-Marie Lizin “Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa”nın kordinatorudur. Belçika Senatının fəxri prezidenti, 1979-1988-ci illərdə Avropa Parlamentinin üzvü olub. Digər həmmüəlliflər Belçikalı ekspert Reine Marcelis qadın və kişi bərabərliyi sahəsi üzrə tanınmış QHT sədri, Fransalı ekspert Patricia Lalonde isə Ərəb Ölkələrində Qadın Hüquqlarının müdafiəsi təşkilatının rəhbəridir.
“Parlament” jurnalında Azərbaycanda qadın hüquqlarının vəziyyəti haqda məqalə aşağıdakı linkdədir:
//www.theparliamentmagazine.eu/articles/magazines/issue-398-6-october-2014

