
“İranda tibbi müayinə qiymətlərinin bu dövlətin öz siyasətidir. Azərbaycandan istənilən məqsəd üçün İrana gedən hər bir turist də orada pul xərcləyir, İranın dövlət büdcəsi bunun hesabına qazanır. Hesab edirəm ki, tələbatın çoxluğunu da görüb qiyməti artırırlar. Bu, normal bir şeydir”.
Bunu Modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev İrana gedən Azərbaycan vətəndaşları üçün müayinə və müalicə qiymətlərinin qalxmasına münasibət bildirərkən söyləyib.
Deputat bildirib ki, müştəri cəlb etmək üçün qiymətlər əvvəllər aşağı idi: “Bildiyiniz kimi, ötən 90-cı illərin əvvəllərindən başalayarq İranın tibb işçiləri kütləvi surətdə Azərbaycana gəldilər, burada bir sıra məsləhətləşmə və müzakirələr aparıldı. Bunlar biznes məqsədilə həyata keçirilmişdi, bir siyasət idi, öz klinikalarını, həkimlərini tanıtmaq məqsədi güdürdü.
Hazırda isə İranda baş verən iqtisadi böhran bütün sahələrdə qiymətlərin artırılmasına səbəb olub. Bizim klinikalardakı müayinə və müalicə imkanları İrandakından çox yüksəkdir, sadəcə, təbliğat düzgün aparılmadığndan vətəndaşlarımızda öz həkimlərimizə qarşı insamsızlıq yaranıb, xaricə axın daha da çoxalıb”.
Musa Quliyev vətəndaşların xaricə üz tutmasının digər səbəbini belə əsaslandırıb: “Düzdür, Orta Asiya və İranla müqayisədə bizdə tibbi xidmətlər bahadır. Bir şeyi də nəzərə alaq ki, insanlar özləri də xaricə getmək, o yerləri görməkdə maraqlıdırlar. Düşünürəm ki, icabri tibbi sığorta işə düşəndən sonra bu sahədə hiss olunacaq dərəcədə inkişaf görünəcək. Həm xaricə gedənlərin sayı azalacaq, həm də ölkədə tibbi xidmətin keyfiyyəti yüksələcək”.
Deputat hesab edir ki, bu gün ölkədə istənilən xidmətləri göstərmək imkanımız var: “Bizdə bəzi ölkələrlə müqayisədə qiymətlərin baha olması iqtisadi inkişafın sürətli, valyutanın dəyərinin yüksək olması ilə əlaqəlidir. Amma Avropa ölkələrilə müqayisədə qiymətlər bizdə ucuzdur. Vətəndaşlarımızın çətinliyi müvəqqətidir. İcbari tibbi sığorta ən geci 2015-ci ildən pilot layihə kimi işə düşəcək. Bundan sonra isə hər şey vətəndaşın xeyrinə olacaq”.
Həkim-ekspert Adil Qeybullanın fikrincə, İrana gedənlərin sayının çox olması maliyyə məsələsi ilə bağlıdır. O, Modern.az-a açıqlamasında etiraf edib ki, həqiqətən də İranın əyalətlərində tibbi xərclər bizdəkinə nisbətən aşağıdır: “Bu İranın blokadada olması, iqtisadi problemlərlə bağlıdır, amma görəndə ki, axın çoxdur, həmin qiymətləri Azərbaycan reallığına uyğunlaşdırdılar. Yəni düşünürlər ki, bu xəstələr onsuz da həmin ölkəyə gedir, bunu düşünürək qiymətləri artırıblar”.
Həkimin fikrincə, dünyada xaricə axın hər yerdə var: “Buradakı müalicələrdən effekt görməyən, bezən insanlara gəldikdə, onlar onsuz da getmək məcburiyyətindədirlər. Maliyyə onların gedişinə təsir etmir. Aparılan müşahidələr göstərir ki, insanlar ümumi eyforiyadan çəkinir, real nəticələr görmək axtarışındadırlar. Baş verənlər isə tədricən İrana olan axının azalmasına və say etibarı ilə stabilləşməsinə gətirib çıxaracaq”.
A.Qeybullanın fikrincə, insanların tibbi sığorta məsələsi həll olacağı təqdirdə doğuş və təxirəsalınmaz yardıma aid olan əməliyyatlar, müalicə və diaqnostika vasitələrinin pulsuz həyata keçirilməsi baş verəcək:
“Bu da ilk növbədə milli səhiyyəyə olan inamı artıracaq, xaricə kütləvi axının qarşısını alacaq. Bizdə tibbi sığorta olmadığından bütün yük birbaşa vətəndaşın üzərinə düşür. Sığorta olacağı təqdirdə qiymətlər dünya standartlarına uyğunlaşdırılacaq. Müşahidələr göstərir ki, hökümətin bu istiqamətdə çabaları var. Baş nazirin müavini Əli Əhmədovun yanında komissiaya yaradılıb. Yaxşı olardı ki, komissiya vətəndaş cəmiyyətindən, mütəxəssislərdən təşkil olunardı, bu zaman daha effektiv iş gedərdi. Bununla bağlı hökumətə dəfələrlə təkliflər vermişik, vətəndaşların hansı kateqoriyada necə sığortalanmaları ilə bağlı konkret təkliflərimiz var. Hesab edirəm ki, bunların həyata keçməsi daha məqsədəuyğundur”.
Qeyd edək ki, İran hökuməti tərəfindən bütün tibbi klinikalara verilən göstərişə əsasən, bu ölkəyə gedən Azərbaycan vətəndaşları üçün müalicə və müayinə qiymətlərini qaldırıb. Bundan başqa, Azərbaycan vətəndaşları üçün orqanların transplantasiyasının da hələlik dayandırıldığı bildirilir.
Gülşən RAUFQIZI