Mərkəzi Seçki Komissiyası dünənki iclasında seçki dairələri və məntəqələrin seçicilərin sayının təmsilçilik normasına uyğunlaşdırılması, seçicilərin və digər seçki subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli və rahat şərait yaradılması, həmçinin bəzi bələdiyyələrin ərazilərinin dəyişdirilməsinə səbəb olmuş normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar bir sıra seçki dairələrində yenidən dəyişikliklər edilməsinə qərar verib.
MSK-dan Modern.az-a verilən məlumata görə, 41 saylı Sumqayıt birinci seçki dairəsi ləğv edilərək onun bazasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi ləğv edilərək onun bazasında 41 saylı Sumqayıt birinci seçki dairəsi və 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi ləğv edilərək onun bazasında 50 saylı Abşeron-Qobustan seçki dairəsi yaradılıb. Eləcə də, bir sıra seçki dairələrinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində müvafiq dəyişikliklər edilib.
MSK-nın qərarı ilə həmçinin, Komissiyanın bəzi normativ xarakterli aktlarına və bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib, eləcə də cari məsələlərə baxılıb.
Modern.az