
Avropa futbol çempionatının seçmə mərhələsində üç tur arxada qalıb. Modern.az saytının əməkdaşı Avropa Çempionatının qruplarındakı vəziyyətə diqqət edərkən bizim üçün xoşagəlməz mənzərənin şahidi olub.
Məlum olur ki, üç turdan sonra müxtəlif qruplarda yer alan 6 ölkə bir xal belə qazanmayıb. Təəssüf ki, qarşısında 0 yazılan ölkələrdən biri də Azərbaycandır. Ən acınacaqlısı odur ki, Azərbaycan bu göstəriciyə görə “cırtdan” dövlətlərlə bir sıradadır.
İndiyədək keçirdiyi üç oyunda xal qazanmayan komandalar B qrupunda Andorra, D qrupunda Cəbəllütariq, E qrupunda San Marino, F qrupunda Farer adaları və H qrupunda mübarizə aparan Malta ilə Azərbaycandır.
Azərbaycan seçmə mərhələnin ilk oyununda Bakıda Bolqarıstan millisinə 1:2 hesabı ilə məğlub olub. Yığmamız son iki oyununu səfərdə keçirib. İtaliyalılara da eyni hesabla uduzmuşuq. Xorvatiyadakı oyun isə darmadağınla (0:6) nəticələnib.
Qeyd edək ki, D qrupunda mübarizə aparan Gürcüstanın 3, İ qrupunda yarışan Ermənistanın isə 1 xalı var. Komandamız hətta ermənilərdən də geridə qalır...
Azərbaycan futboluna rəhbərlik edən Rövnəq Abdullayev isə başabəla alman məşqçi Berti Foqtsla “yola” davam edir...
Modern.az