Modern.az

Gövhər Baxşəliyeva: “Fələstin dövləti tanınmalıdır”

Gövhər Baxşəliyeva: “Fələstin dövləti tanınmalıdır”

Təhsil

15 Oktyabr 2014, 13:13


“Fələstin dövlətinin Norveç və İngiltərə parlamenti tərəfindən müstəqilliyinin tanınması ilə bağlı xəbəri eşidəndə çox sevindim və həmin xəbəri normal qarşıladım. Çünki bu çoxdan həllini gözləyən problemidir”. Bunu Modern.az-a Milli Məclisin deputatı, şərqşünas-alim Gövhər Baxşəliyeva deyib.

“1947-ci ildə BMT o vaxt müstəqil Fələstin dövlətinin  və müstəqil İsrail dövlətinin yaradılması haqqında qətnamə qəbul etdi. İsrail dövləti o vaxtdan yaradıldı. Amma müstəqil Fələstin dövlətinin yaradılmasına imkan vermədilər. Elə həmin vaxtdan da bu məsələ çox böyük problemə çevrilib. Bilirsiniz ki, Fələstin-İsrail arasında dəfələrlə qarşıdurma olub. 1948-49-cu illər müharibəsi, 1953-cü illər müharibəsi, 1967-ci il müharibəsi. Hər müharibə zamanı yeni qaçqınlar dalğası dünyaya səpələnib. Fələstindən çoxlu sayda insanlar qaçqın düşərək qovulublar və dünyanın bir çox yerlərinə səpələniblər. Yəni fələstinlilər çox məzlum xalqdır. Bu gün həmin qaçqınların sayı 3 milyondan çoxdur. Fələstinli qaçqınlar çox ağır sosial vəziyyətdə yaşayırlar”.

“Yaxın və Orta Şərqdə  bu gün baş verən problemlərin əsasında həmin o Fələstin probleminin bu günə kimi həll olunmamağı durur. Odur ki, dünyanın bütün dövlətləri Fələstinə dəstək verməli, Fələstin xalqının haqq işini dəstəkləməlidir ki, bu dövlət yaradılsın və fələstinlilər öz dədə-baba torpaqlarına qayıda bilsinlər. Eyni zamanda, burda bir neçə problem var. O problemlərdən ən əsası isə Qüds şəhəri ilə bağlıdır. Çünki Məkkə və Mədinədən sonra Qüds fələstinlilərin müqəddəs şəhəridir. Orda müqəddəs məscid Məscidul-Əqsa yerləşir. Hər bir müsəlman Məkkə və Mədinədən sonra Məscidul-Əqsanı da ziyarət etməlidir. Bu gün ərəblərin ən böyük şüarı “Mübarizəmizi Qüdsə çatana kimi davam edəcəyik”dir. Qarabağ probleminin həlli kimi, məzlum Fələstin xalqının öz əcdadlarının torpaqlarına qayıtmasını  və suveren Fələstin dövlətinin yaradılmasını arzulayırıq”, – deyə G. Baxşəliyeva əlavə edib.

Azərbaycan parlamentinin belə bir qətnamə qəbul edə biləcəyinin mümkün ola biləcəyinə gəlincə, “Azərbaycan o qədər də böyük ölkə deyil. Təbiidir ki, bu cür məsələlərdə böyük dövlətlər qabağa düşməlidir. Bu baxımdan da bu günə kimi Azərbaycanın İsraildə səfirliyi yoxdur. Amma İsraillə müəyyən əlaqələr var. Bakıda həm İsrail, həm də Fələstin səfirliyi var”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-16-ı Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Maliki Azərbaycana rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Riyad əl-Malikinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı