Modern.az

Metroda gecə QALMAQALI: “Stansiyanı tərk edin, qatar olmayacaq”

Metroda gecə QALMAQALI: “Stansiyanı tərk edin, qatar olmayacaq”

Təhsil

16 Oktyabr 2014, 11:11


Metro həm Bakı sakinlərinin, həm də paytaxta qonaq gələnlərin şəhərin bu başından o başına gedib-gəlməsi üçün ən rahat nəqliyyat vasitəsi hesab olunur. Dünyanın metro stansiyaları olan bütün şəhərlərində bu belədir. Bakı metrosuna gəldikdə, sərnişinlər onsuz da gün ərzində bu yeraltı nəqliyyat vasitəsində müxtəlif problemlərlə üzləşirlər. Obyektiv və subyektiv səbəblərdən rastlaşdığımız  problemlərə bir növ adət etmişik. Biz ona da adət etmişik ki, istənilən istiqamətdə hərəkət zamanı stansiya xidmətçiləri, qatarları idarə edən maşinistlər belə sərnişinlərin bəzən əsəbləri ilə oynayırlar.

Məsələn, hansısa stansiyanın birində dayanan qatarın maşinisti platformada dayanan digər maşinist həmkarı ilə bəzən bir-iki dəqiqə boşboğazlıq edib qatarın mənzil başına çatmasının ləngiməsinə səbəb olur. Bu və buna bənzər digər problemlər də kifayət qədərdir. Modern.az saytının əməkdaşının oktyabrın 15-dən 16-na keçən gecə şahidi olduğu hadisə güman edirik ki, Bakı metrosunda az rast gəlinən olaydır. Məlum olduğu kimi, metroya giriş gecə saat 24:00-dan etibarən dayanır. Ancaq həmin ana qədər girişdən keçə bilən sərnişinlər mənzil başına, daha doğrusu istənilən istiqamətdə axırıncı stansiyaya qədər çatdırılmalıdır.

Bu, metro rəhbərliyinin müəyyən etdiyi qaydadır. Həmin qaydaya görə metro stansiyalarından gecə saat birin yarısına qədər çıxış imkanı da var. Bu gecə metronun “28 May” stansiyasında “Dərnəgül” stansiyası istiqamətinə gedən sərnişinlər ciddi bir problemlə üzləşiblər. Saat birə 10 dəqiqə işləmiş stansiya növbətçisi sərnişinlərə “Dərnəgül” istiqamətində qatarın olmayacağını, bu səbəbdən sərnişinlərin stansiyasını tərk etməli olduqlarını bildirib. Bu zaman platformada qatar gözləyən 100-ə yaxın sərnişinlə stansiya nəzarətçiləri arasında ciddi mübahisə yaranıb. Sərnişinlər iddia ediblər ki, metronun iş qrafiki elədir ki, gecə vaxtı giriş dayansa da, həmin müddətdə stansiyalardakı sərnişinlər istənilən istiqamətdə mənzil başına çatdırılmalıdırlar. Stansiya nəzarətçisi isə sərnişinlərə metronun yeni rəhbərliyinin bu qaydaları ləğv etdiyinə inandırmağa çalışıb. Beləliklə, sərnişinlərlə stansiya işçiləri arasında qalmaqal 10 dəqiqədən çox çəkib. Bundan sonra, nəhayət “Dərnəgül” stansiyası istiqamətinə qatarın hərəkət etməsinə razılıq verilib.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı Modern.az-a açıqlamasında bunları deyib: “28 May”da  bu gecə heç bir hadisə baş verməyib. Dispetçer və stansiya rəhbərliyi bu haqda xəbərsizdi. Hətta sizə dəqiq deyim ki, “Dərnəgül” istiqamətinə gecə saat 00:11 dəqiqədə 21 saylı, 00:23 dəqiqədə 37 saylı marşrut, 00:32 dəqiqədə 28 saylı marşrut hərəkət edib. Hazırda video müşahidə vasitəsilə də araşdırma apardıq. Video müşahidə göstərir ki, orda belə bir hadisə baş verməyib. Heç bir stansiya işçisi sərnişinlərə “bundan sonra qatar olmayacaq, stansiyadan çıxın” deməyib. Həmçinin sizin dediyiniz kimi, həmin vaxt stansiyada 100 yox, cəmi 10-15 sərnişin olub”.   Metropoliten rəsmisi onu da bildirib ki, stansiyaların hamısı saat 24:00-da giriş üçün bağlanır: “Bundan sonra, yəni saat 1-ə bir neçə dəqiqə işləmiş hər sonuncu stansiyadan (“Dərnəgül”, Həzi Aslanov və İçəri şəhər)  qatar hərəkət edir və stansiyadakı son sərnişin mənzil başına çatdırılana qədər işləyir”.  

Modern.az-ın hadisənin şahidi olan əməkdaşı isə “28 May” stansiyasında bu olayın baş verdiyini bir daha iddia edir və bunu sərnişinlərə qarşı növbəti hörmətsizlik sayır.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı