Milli Məclisin Şabrandan seçilmiş deputatı Tahir Süleymanov sabah toy edəcək. Modern.az saytının xəbərinə görə, o, oğul nəvəsini evləndirir. “Kral” şadlıq sarayında keçiriləcək mərasim deputatın ilk nəvə toyudur. Deputat nəvəsi Mahir Süleymanlıya uzaqdan deyil, yaxından - qardaşının ailəsindən gəlin gətirir. Gəlin Nəcimə Süleymanlı Tahir Süleymanovun qardaşı nəvəsidir.
Hakim Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Sülüymanov üçüncü çağırışdır ki, parlamentdə təmsil olunur. Belə ki, o, 2000, 2005 və 2010-cu illərdə 93 saylı seçki dairəsindən Milli Məclisə mandat alıb. Bu dairəyə Xaçmazın bir hissəsi və Şabrah rayonu daxildir.
Tahir Süleymanov 2008-ci ildə - 60 illik yubileyində prezident İlham Əliyevin sərəncamı ilə ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə «Şöhrət» ordeni ilə təltif edilib.
Keçmiş Dəvəçi, indiki Şabran rayonunda doğulan T.Süleymanov əvvəlcə Bakı Sovet Ticarət Texnikumunda təhsil alıb, sonra Moskva Yeyinti Sənayesi İnstitutunu bitirib. Dəvəçidə mağazada satıcı, müdir, «Azərittifaq»ın tədarük kontorunun direktoru işləyib. Pirəbədil Xalça Fabrikinin iqtisadçısı, direktoru, Xaçmaz Taxıl Məhsulları Kombinatı Dəvəçi filialının anbardarı, Siyəzəndə çörəkbişirmə sexinin ustası, Dəvəçidə mexanikləşdirilmiş çörəkxananın direktoru vəzifələrində çalışıb. Dəvəçi Taxıl Məhsulları Kombinatının direktoru olub. Evlidir, 2 övladı var.
Modern.az