Modern.az

Türkiyəli nazir: “Bakı-Tiflis-Qars dəmiryolu xəttinin məqsədləri çoxdur”

Türkiyəli nazir: “Bakı-Tiflis-Qars dəmiryolu xəttinin məqsədləri çoxdur”

Təhsil

16 Oktyabr 2014, 13:03


Oktyabrın 16-da Bakıda “Bakı-Tbilisi-Qars dəmiryolu xətti: tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Modern.az məlumat verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda region, Avropa və Asiya ölkələri, beynəlxalq təşkilatlar və maliyyə institutlarının nümayəndələri iştirak edirlər.

Konfrans iştirakçıları Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin beynəlxalq və regional əhəmiyyəti, perspektivləri, Azərbaycanın nəqliyyat imkanları və tranzit potensialı barədə dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması, Avropa ilə Asiya arasında səmərəli nəqliyyat qovşağı kimi ölkəmizin beynəlxalq nüfuzunun və etibarının daha da möhkəmləndirilməsi məsələrini müzakirə edir.   İştirakçıların rəyincə, yeni dəmiryolu xəttinə yük və sərnişin axınlarının cəlb edilməsi, nəticə etibarilə Avropa-Qafqaz-Asiya (TRASECA) beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.  

"Bakı-Tiflis-Qars dəmiryolu xətti layihəsi ancaq çatdırma layihəsi kimi qəbul edilməməlidir". Modern.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat, dəniz və kommunikasiya naziri Lütfi Əlvan deyib. O, Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmiryolu xətti: tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfransında iştirak edir.  

Türkiyəli nazirin sözlərinə görə, bu layihə həm Asiya, həm də Avropanın mühüm layihəsindən biridir: "Bu, dostluq, qardaşlıq, iqtisadi bağların gücləndirilməsinə xidmət edən layihədir. Biləvasitə tarixi İpək Yolunu yenidən canlandıran layihədir. Londondan Pekinə uzanan xəttdə iki əsas çatışmazlıq vardı. Onlardan biri Türkiyədə Mərmərə dənizini keçmək, ikincisi isə Qars-Tiflis-Bakı xətti idi. “Marmaray” layihəsini həll edərək çətinliklərdən birini həll etdik. İkinci çatışmazlığımız olan Bakı-Tiflis-Qars dəmiryolu xəttini də gələn il tamamlayacağıq. Bu, təkcə Azərbaycan, Türkiyə və Gürcüstanı deyil, bütün bölgəni, Avropaya da açıq olan layihədir. Bu layihə Avropa ilə Asiyanı canlı olaraq hərtərəfli bağlayacaq xətt olacaq”.    

Qeyd edək ki, Gürcüstan, Azərbaycan və Türkiyə dəmiryolu dəhlizinin yaradılmasına dair hökumətlərarası sazişi 2007-ci ildə imzalanıb. Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə, ümumən 775 milyon dollar məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.

Bu ilin sonunadək BTQ dəmir yolu ilə Türkiyə sərhədinədək ilk işçi qatarın yola salınması nəzərdə tutulur. Ümumiyyətlə, bu nəqliyyat dəhlizinin 2015-ci ilin ikinci yarısında tam istifadəyə verilməsi planlaşdırılır.  

Məltəm TALIBZADƏ  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı