
Dəftərxana ləvazimatı və kitab mağazalarında bayraq satılmasını kim bilmir ki?! Amma tutalım, “İraq Şam İslam Dövləti”nin bayrağını tapmaq üçün hara baş vurmaq gərəkdir? Milli Şuranın son mitinqindəki kimi, “İŞİD” bayrağı qaldırmaq cəhdini təkrarlamaq həvəsində olan şəxsin onu hansısa dükandan alması mümkündürmü?
Modern.az əməkdaşı bayraq satılan bəzi mağazalara baş çəkib.
Mağazalardan verilən məlumatlardan belə nəticəyə gəldik ki, satışda ancaq müxtəlif dövlətlərin bayraqlarıdır. Keyfiyyətə məhsul almaq istəyən alıcı Türkiyə istehsalına önəm verməlidir.
“Papirus” mağazasında Modern.az əməkdaşına deyildi ki, masaüstü bayraqlar standart olur və adətən sintetikadan hazırlanır. Qiymətləri 50 qəpikdir. Əldə tutmaq üçün ölçüləri 40x50 kv sm olan bayraqların qiymətləri isə 5-7 manat arası dəyişir. Elə bayraqlar var ki, qiyməti lap 100-200 manat arasında dəyişir. Onların ölçüləri də böyük olur. Məsələn 100x70-ə olan bayraqlar 10 manatadır. Onların qiymətindəki fərq Türkiyədə istehsal olunmasıdır. “Azərbaycanda hazırlanan stolüstü bayraqlar sintetik materialdandır. Türkiyədən gətirilən bayraqlar isə kətandan hazırlanıb. Əgər bayraq sifariş vermək (hazırlatmaq) və onun Türkiyədən gəlməsini istəyirsinizsə, ən azı 2000 manatlıq sifariş verməlisiniz. Azərbaycanda bayraq hazırlanan yer Böyükşorda yerləşir. Türkiyədən gələnlər isə “ZH” firmasında istehsal olunur. Ən böyük ölçülü bayraq idman stadionunun yarısı qədər ola bilər. Məsələn, “Qarabağ”ın oyununda belə biri var idi”.
“Rebus” mağazasında da satıcılar qeyd etdi ki, stolüstü bayraqların qiyməti 1.50 manatdır və materialı adi parçadır. “Məsələn, 100x70 ölçüdə olan bayraqları 6 manata satırıq. Əgər material ipəkdirsə onda qiymətlər baha olur. 1.50-3 kv. sm ipək bayraqların qiyməti 25-35 manat arası dəyişir. Eyni ölçülü adi parçadan olan bayraqlar 15 manatdır”.
Müxtəlif fan-klub, şirkət və s. üçünsə bayraqlar mütləq sifariş verilməlidir. Onları satışda, təbii ki, tapmaq qeyri-mümkündür. “İŞİD” bayrağına gəlincə, onun istehsal mənşəyini satıcılar yox, hüquq-mühafizə orqanları yaxşı bilməlidir.
Rüfanə GÜNƏŞ