
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamenti sözçüsünün 15 oktyabr tarixli açıqlamasına cavab verib. Bununla bağlı Modern.az-a açıqlamasında H.Hacıyev deyib ki, Amerika Birləşmiş Ştatlarının davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməzdir.
“Azərbaycanda qanunun aliliyi və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub. ABŞ-ın bu kimi əsassız müdaxiləsi qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır.
İnsan hüquqlarının xarici siyasət aləti edilərək, siyasi təzyiq göstərmək məqsədilə istifadə olunması cəhdləri artıq çoxdan özünü nüfuzdan salıb. İnsan hüquqlarına siyasi mülahizələr, seçimli və ikili standartlar baxımdan yanaşmaq yolverilməzdir”.
XİN rəsmisi bildirib ki, insan hüquqlarının “carçısı” qismində çıxış edən dövlətlərin və konkret bu halda, ABŞ-ın Ermənistanın işğalı nəticəsində ən ibtidai hüquqlardan belə, məhrum olmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarına və Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş qanlı etnik təmizləmə hallarına diqqətlə yanaşması daha təqdirəlayiq olardı.
Modern.az