
Ermənistan prezidenti Serj Sərkisyan Avropa İttifaqının Cənubi Qafqaz məsələləri və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Qerbert Zalberlə görüşüb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesindəki son irəliləyişə, eləcə də Ermənistan-Azərbaycan və Dağlıq Qarabağdakı cəbhə xəttində situasiyanın gərginləşməsinə toxunublar. Sərkisyan və Zalber münaqişənin ATƏT Minsk qrupu formatında yalnız sülh yolu ilə həllinə əmin olunduqlarını qeyd ediblər. Zalber Avropa İttifaqının yüksək səviyyədə keçirilən danışıqlara yardıma hazır olduğunu bəyan edərək prosesin münaqişənin nizamlanmasına yardımçı olacağına inandığını bildirib.
Sərkisyan yenə erməni xislətinə uyğun olaraq deyib ki, problemin həllində irəliləyişə yalnız “Dağlıq Qarabağ xalqı”nın öz taleyini həll etməsini tanımaqla nail olmaq mümkündür.
Tərəflər oktyabr ayının sonunda Parisdə Fransa prezidenti Fransua Ollandın təşkilatçılığı ilə Ermənistan və Azərbaycan prezidentlərinin nəzərdə tutulan görüşü ilə də bağlı fikir mübadiləsi aparıblar.
Modern.az