
Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniyanın Oksbric Təhsil Xidmətlərinin direktoru Con Florey və “Pearson” şirkətinin ölkədəki nümayəndəliyinin regional direktoru Nailə Rzayeva ilə görüşüb.
Modern.az saytı ADU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Səməd Seyidov Böyük Britaniya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişaf etdiyini bildirib. Rektor ADU-nun beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini qeyd edib. Universitetin beynəlxalq əlaqələrindən danışan Səməd Seyidov Esseks universiteti ilə əlaqələrin mövcudluğuna diqqət çəkərək Böyük Britaniya universitetləri ilə əlaqələrə toxunub, bunun yüksək əməkdaşlıq səviyyəsində olduğunu və getdikcə inkişaf etdiyini bildirib.
Beynəlxalq əməkdaşlığın inkişafına universitetin xüsusi önəm verdiyini deyən rektor bu əlaqələrin tələbələr üçün böyük əhəmiyyəti olduğunu deyib. Səməd Seyidov, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan təhsil sisteminin inkişafı üçün gördüyü işləri yüksək dəyərləndirib. Səməd Seyidov dövlətin bu sahəyə xüsusi qayğısından, Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı sərəncamının bu istiqamətdə mühüm addım olduğunu vurğulayıb. Rektor Səməd Seyidov, o cümlədən ADU-nun nəzdində fəaliyyət göstərən Dil xidmətləri mərkəzinin fəaliyyətindən, mərkəzin həyata keçirdiyi yeni ideyalardan söz açıb.
Qonaqlar Azərbaycanda və ADU-da olmaqdan məmnun olduqlarını bildiriblər. Böyük Britaniyanın Oksbric Təhsil Xidmətlərinin direktoru Con Florey Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişafından məmnunluğunu dilə gətirərək bu əməkdaşlığın davam etməsinin hər iki ölkə üçün əhəmiyyətli olduğundan söz açıb. Oksbric Təhsil Xidmətlərinin fəaliyyətindən və təklif etdiyi proqramlardan danışan direktor təmsil etdiyi təhsil ocağı ilə ADU arasındakı gələcək əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib. O, bu istiqamətlərdə görülən işlərin ölkələrarası qarşılıqlı əməkdaşlığın inkişafında mühüm rolu oynayacağını sözlərinə əlavə edib.
Görüşdən sonra Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov və Pearsonun ölkədəki nümayəndəliyi, Böyük Britaniyanın Oksbric Təhsil Xidmətlərinin direktoru Con Florey arasında anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, Azərbaycan Dillər Universiteti və Oksbric Təhsil Xidmətlərində İngilis dilinin tədris resursları, peşə keyfiyyətlərinin gələcək inkişafı və təminatı məqsədilə imzalanan Memorandumda qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, PTE-nin (Pearson Test of English) ümumi ingilis dili mərkəzinin idarəsi və inkişafı, qarşılıqlı tədris keyfiyyətinin inkişafı, akademik təhsil, o cümlədən ingilis dilinin xarici dil kimi tədrisinə dəstək məqsədilə ingilis dilinin öyrənilməsində köməkçi vasitələrlə təmin edilməsi nəzərdə tutulub.
Modern.az