
“Azərbaycan və Ermənistan prezidentlərinin hər bir görüşündən xüsusi irəliləyiş olmasa da, bunların əhəmiyyəti var. ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ danışıqları ilə bağlı səyləri artırmalıdırlar. Amma Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O, Qarabağla bağlı aparılan danışıqları şərh edərkən bildirib ki, danışıqlar Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlardan Ermənistan silahlı bölmələrinin çıxarılması şərti müstəvisində gedir.
Z. Əsgərov ABŞ və beynəlxalq təşkilatların Azərbaycanda həbs olunan QHT rəhbərlərini azadlığa buraxması tələbinə isə belə cavab verib: “Bir Leyla Yunusa görə Azərbaycan heç vaxt təklənə bilməz. Doğurdanmı Amerika Birləşmiş Ştatlarının problemləri qurtarıb, indi Leyla Yunusla maraqlanır?!Məgər onların özündə problem yoxdur?! Amerikada irqçilik zəminində çox böyük problemlər var. Azərbaycanın daxili işlərinə qarışmaq lazım deyil. Hansısa erməni lobbisinin, hansısa qüvvələrin təsiri altında Azərbaycanla bağlı qərəzli bəyanatlar verilirsə, buna təəssüf etmək lazımdır”.
Z. Əsgərov qeyd edib ki, Azərbaycana qarşı kampaniyalar çoxdan başlayıb. O deyib ki, beynəlxalq aləmin Azərbaycana qarşı təhdidlərini rəsmi Bakı çox gözəl başa düşür.
Vitse-spiker vurğulayıb ki, bəzi qüvvələr Azərbaycanın onlara hesabat verməsini istəyir.
O, Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana səfər etməsinə də münasibət bildirib:
“Rusiyanın Azərbaycana münasibətini Jirinovski ilə ölçmək lazım deyil. O, xahiş etmişdi və Bakıya gəldi. Özü nə üçün gəldiyini gözəl bilir. Bu adamın indiyə qədər Azərbaycana olan münasibəti bəllidir. O, Azərbaycana gəldi, öz gözü ilə hər şeyi gördü. Qayıdandan sonra isə Dövlət Dumasında Azərbaycanı təriflədi”.
Aqşin Kərimov