Modern.az

Müsavatın “Barışıq aşı”, Foqstun “Foksu”

Müsavatın “Barışıq aşı”, Foqstun “Foksu”

Təhsil

18 Oktyabr 2014, 16:38

Namidə Bingöl

Tərəfdaşlar, silahdaşlar cəbhədaşlar, nə bilim, nə daşlar bir araya gələndə meydan daha rəngarəng, fikirlərin, söyüşlərin, tənqidlərin əhatəsində əsrarəngiz görünür.

Bəzi silah, tərəf, cəbhədaşlar üçün siyasi məsələlərin taleyüklü olması avazın yaxşı gəlməsinə bənzəyir.

Bir sözlə ki, oxuduqları Quran olsa. Öz aramızdı, bəylər, meydanda Quranın nə işi var ki! 

Həftənin siyasi hesabatını təqdim edirəm.

Nə vaxt ki, kompyuterin arxasına keçib barışdan, bərabərlikdən yazmaq istəyirsən alınmır. Mütləqdir ki, şahidi olduğun ədavətdən, ayrıseçkilikdən yazasan. Vallah başqa cür mümkün deyil.

İqtidarın əksində dayanan müxalifət çətin günlərini yaşayır. Sanki cəbhənin o üzündə daxili orqanlar biri-birinə qarışıb. Böyük səs-küyə səbəb olan qurultayın keçirilməsi və Arif Hacılının Müsavatın başqanı seçilməsi partiya daxilində bir hədəfə üsyan edənlərin istiqamətlərini 180 dərəcə dəyişməyə gətirib çıxardı.

Partiyadan payız yarpağı kimi qopanların məqsədləri də bəlli deyil. Əcəba, başqanın Arif Hacılı olması həzm olunmur, yoxsa İsa Qəmbər ömürlük başqan postunda əyləşməli idi?!

Ya Əli, ya da Vəli, nə fərqi var..?

Əvvəllində-sonunda kimsə başqan seçilməli idi, ya yox? 

Bu arada belə söz-söhbət gəzir ki, Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Qubad İbadoğlu partiya yaratmaq xülyasına düşüb. Digər partiyaların güclə nəsə edə bilmək üçün çabaladıqları bir zamanda yeni partiyanın yaradılması maraqlı deyil, məncə.

20 ildən artıq dövrü adlayıb bu günə kimi mövcud olan partiyalar bir də görürsən ki, hansısa məsələdə qətiyyətli mövqe nümayiş etdirə bilmir.

Düzdür, Qubad bəyin partiya yaratmaq məsələsinin gündəmdə olmadığını deyən Müsavat Partiyası Gənclər Təşkilatının keçmiş sədri Əhliman Abbas işini ehtiyatlı tutaraq cəmiyyətdə yeni siyasi alternativə ehtiyac olduğunu düşünür.

Siz düşünməyinizdə olun Əhliman bəy!

Bir vaxtlar Milli Şura da məhz bu iddialarla siyasi səhnəyə atılmışdı. Hətta 2009-cu ildən start götürən Ziyalılar Forumu adlı qurumdan isə nə xəbər var, nə ətər! 

MüsavatPartiyasındanbiri-birininardıncagənclərinistefaverməsianlaşılanolmadı. Təbii ki, bu istefaların arxasında bəlli məqsədlərin dayanması sirr deyil. Bütün bunları nəzərə alan yeni başqan Arif Hacılı deyəsən, “barışıq aşı” bişirmək qərarına gəlib.

Facebook səhifəsində rəqiblərinə, partiya üzvlərinə səslənən Arif bəy deyir: “Gəlin, bəzi məsələlər istisna olmaqla olub-keçənləri unudaq, qucaqlaşaq, yolumuza davam edək!” 

Əcəba, Arif Hacılının bu dərəcədə sadəlövhlük nümayiş etdirməsi nədən irəli gəlir?! Deyəsən, Arif bəy yuxusunda bütün Müsavat əhlini ağ çadırda görüb. Yoxsa, mən vurmadım, sən yıxılmadın.

Görəsən, nə baş verir?! Maraqlıdır, Arif bəy Səxavət Əlisoyla Qubad İbadoğlunun qucaqlaşma təklifinə necə reaksiya verəcəyini düşünüb analiz etmişdimi?!

Necə deyərlər, rəqibin qapısına vurulan “qol” özünü çox gözlətmədi. Səxavət Əlisoy bu qucaqlaşma məsələsini heç cür qəbul edə bilmir. Deyir barışığa çağıran adam problemlərin həll edilməsi üçün obyektiv mesajlar verməlidir. Hətta Arif Hacılının onu xəyanətkar adlandırmasını heç cürə unuda bilməyib.

Deyəsən, Arif bəy, barışıq təklifi etməklə “yatan vulkan”ların yenidən püskürməsinə şərait yaratdı. Biz isə “barışıq aşı”nı qabağına çəkib nuş edənlərin sayının çox olmasını arzulayırıq.

Həftə sonu Milli Məclis növbəti plenar iclasını keçirdi. Həmişə olduğu kimi deputatların fikirləri üst-üstə düşmədi. Daha çox vitse-spiker Ziyafət Əsgərovun çıxış etməsi və çıxış edən deputat həmkarlarının fikirlərinə cavab verməsi diqqət çəkdi.

Deputat Elmira Axundovanın çıxışı zamanı xaricdən Azərbaycana gələn vətəndaşlara güzəştlər təklif etməsi Ziyafət müəllim tərəfindən heç də yaxşı qarşılanmadı. Ziyafət müəllim deyir ki, “Həddindən artıq qonaqpərvərlik lazım deyil. Biz hüquqi dövlətik və qanunlarımızı dünya təcrübəsinə uyğun olaraq təkmilləşdiririk”.

İndi isə həftənin əsas xəbərinə diqqət çəkmək istəyirəm. Nə qədər çətin olsa da yaşıl meydançadakı uğurlarımıza görə bizə “futbol qələbəniz mübarək!” deyən olmayıb.

Daha doğrusu, yaşıl meydançada həmişəyaşıl yox, həmişə məğlub olmuşuq. 

Azərbaycan millisinin başına baş məşqçi gətirilən Berti Foqts heç nə edə bilmədi. Əslində, Foqtsu millimizə baş məşqçi gətirməmişdən öncə, onun tərcümeyi-halına qısaca nəzər salmalı idik.

Düzdür, almaniyalı məşqçi bu mərhələyə qədər müəyyən uğurlar əldə edib. Amma, öz milli komandasına qədər. Küveyt, Şotlandiya, Nigeriya millisinə baş məşqçi gətirilən Foqts təəssüf ki, ciddi uğurlara imza ata bilməyib.

Düzdür, Azərbaycan futbolunun uğursuzluğunu birbaşa Foqtsun üzərinə yükləmək fikrində deyiləm. Amma inkişaf etməkdə, qol vurmaqda, əsl oyun nümayiş etdirməkdə aciz olan millimiz üçün Foqts heç bir foks göstərə bilmədi. 6 il ərzində yaşıl meydançada rəqib komandalara uduzan Azərbaycan futbolu yerində saymağa müvəffəq oldu.

Uzun müzakirələrdən və uzun-uzadı məğlubiyyətdən sonra Foqts Azərbaycanda qala bilməzdi. Foqtsun həftələrlə öz vətənində olmasına baxmayaraq, Allah tərəfi imza atıb cibinə qoyduğu pullar bütün nəslinə kifayət edərdi. Uzun sözün qısası, Foqts Azərbaycanda ciddi əziyyətlərə qatlanmadı ki, bizim futboldan xəbərsiz futbolçularımız uğurlarına gün ağlaya bilsinlər. Təəssüf ki, nə futbolumuz, nə də Foqts möcüzə yarada bildi.
Foqtsun istefa verməsi gözlənilən idi. Almaniya mətbuatı isə bu məsələyə geniş yer ayırdı. Almaniya mətbuatına geniş müsahibə verən Foqts Azərbaycan futbolundan təngə gəldiyini dilə gətirdi. Məncə, “güclü” oyunçularımız bundan sonra Azərbaycan futbolunda tarixi dönüş etməlidirlər. Foqts müsahibəsində deyib ki, “Azərbaycanda futbolu pula görə oynayırlar. Futbolçular futboldan həzz ala bilmirlər”. Bu da Foqtsun dedikləri.

Millimizə dünyanın hər yerindən baş məşqçilər axtarıb onların yoluna milyonlarla para xərcləyəcəyiksə bunun qarşılığında da əsl futbol həyəcanı yaşada biləcək oyunçular da yetişdirməliyik. Yoxsa, əbədi olaraq Azərbaycan futbolunun biabırçı məğlubiyyətinə tamaşa etmək məcburiyyətində qalacağıq. Əgər oyunçularımız bahalı maşınlarda gəzmək, dünyanın bahalı otellərində dincəlmək üçün futbol oynayacaqlarsa bəri başdan topu kənara qoysalar yaxşıdır.

Azərbaycan futbolu İngiltərə, Almaniya, Fransa hətta, yaxın Türkiyə futbolu ilə hesablaşmayıb. Deməli, Messi, Ronaldo, Hakan Şükürün etdiklərinin çoxdan az hissəsini etməyə qadir olmayan oyunçularımız öncə ayaqlarının altını görməyi unutmamalıdırlar. Hər bir futbolçunun ayağının altındakı top onun dövlətinin zirvə nöqtəsidir. Təbii ki, yaşıl meydanda rəqib komandanın qapısına saysız qollar vura bilərlərsə. Bu da son.

Arzularla yaşamaq gözəl hissdir.

70 il Sovet hakimiyyətinin əsarətində yaşaya-yaşaya müstəqillik arzuladıq. Müstəqil dövlətə müstəqil ideyalara müstəqil amallara xidmət edəcəyimiz günü səbirsizliklə gözlədik. Nəhayət 1991-ci ilin 18 oktyabrında rəsmən müstəqil olduq. Müstəqilliyimiz mübarək!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı