Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin rəhbərlik etdiyi Ukrayna Milliyyətlər Assambleyası Ukrayna Nazirlər Kabineti ilə birgə ölkədə ilk dəfə olaraq mobil xəstəxananın təqdimatını keçirib. Assambleyadan Modern.az-a verilən məlumata görə, mobil hospitalın təqdimatında Ukrayna Nazirlər Kabinetinin etnomilli siyasət məsələləri üzrə şöbə müdiri Gennadiy Druzenko, Ukrayna Prezidentinin müşaviri Olqa Buqomolis, Rövşən Tağıyev, Kiyev şəhər merinin müavini Mixail Radutskiy, digər siyasi və ictimai xadimlər iştirak ediblər.
Təqdimat zamanı mobil hospitalın əməliyyat bloku açılıb təqdim olunub, hərbi əməliyyatlar şəraitində təhliyə komandasının yerdəyişməsi və təcili cərrahiyyə yardımı aparılması nümayiş etdirilib. Hospital Ukraynanın şərqində baş verən döyüşlərdə yaralananlar üçün nəzərdə tutulub. R. Tağıyev bildirib ki, hospitalda hər cür yaralılar üçün bütün tibbi yardımlar və müayinələr nəzərdə tutulub. Mobil hospital döyüş zonasının 10 km-liyində 30 dəqiqə ərzində açılıb yerləşdirilə bilər və hər saatda 10 yaralı əsgərə tibbi cərrahiyyə əməliyyat yardımı göstərmək imkanına malikdir. Mobil hospitalın ərsəyə gəlməsi ölkədəki müxtəlif millətlərə məxsus iş adamlarının, əsasən də Birləşmiş Ukrayna Azərbaycanlıları Konrqesinin rəhbərliyinin vəsaiti hesabına baş tutub
