“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi öz işini uğurla aparır. Biz dünya ictimaiyyətinə haqq və ədaləti çatdırmaqdan ötrü bütün imkanlarımızdan istifadə edirik”.
Bunu Modern.az saytına Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev spiker Oqtay Əsədovun Milli Məclisin son iclasındakı tövsiyələrinə münasibət bildirərkən söyləyib.Onun sözlərinə görə, artıq bir neçə ildir həm birliyin sədri, həm də idarə heyətinin üzvləri bütün imkanlardan istifadə edirlər: “Böyük hörmət bəslədiyimiz Oqtay Əsədov bu fikri söyləməklə bizim fəaliyyətimizə müsbət mənada təkan da verir. Bundan sonra həm icmanın qarşısında duran məsələlərlə, həm də parlament sədrinin tövsiyələri ilə bağlı daha da aktiv fəaliyyət göstərəcəyik. Ortada müəyyən məsələlər var, mən onlar barədə indi açıqlama verə bilmirəm. Düşünürəm ki, yaxın günlərdə bununla bağlı fikirlərimi sizinlə bölüşəcəyəm”.
Qeyd edək ki, spiker Oqtay Əsədov Dağlıq Qarabağın Azərbaycanlı İcmasını aktiv fəaliyyət göstərməyə çağırmışdı.
Gülşən RAUFQIZI