
Azərbaycanda ideologiya baxımından fərqli siyasi partiya nümayəndələrinin bir-birilərinin məclislərində iştirak etməsi məsələsi son günlər sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib. Bir neçə gün öncə Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin oğlunun toyunda YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadənin iştirak etməsi AXCP-də etirazla qarşılanıb.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında siyasəti məişət səviyyəsinə endirməyin yolverilməz olduğunu bildirib: “Belə münasibət siyasi rəqabət yox, düşmənçilik deməkdir. Ona görə biz nə qədər ideoloji olaraq bir-birimizdən ayrılsaq da, adət-ənənələrimizin icrasında bir-birimizin yanında olmalıyıq. Bunlar xalqı xalq edən adət-ənənələridir. Əgər biz siyasətdəki kimi sosial həyatımızda da belə dəstələrə bölünsək, xalqı da bölürük”.
AXC hakimiyyəti zamanı təhsil naziri işləyən tanınmış ziyalı Firudin Cəlilov isə bu məsələdə dünya təcrübəsinə əsaslanmağı vacib hesab edir. Onun sözlərinə görə, qonşu ölkələrdə siyasi məsələlərə görə bir-birini qıran partiya liderləri müxtəlif məclislərdə bir araya gələndə əllərini sıxıb, yanaşı otururlar: “Bizim ölkədə belə münasibətin formalaşmasına səbəb siyasi partiyaların tam oturuşmamaları, formalaşa bilməmələridir”.
Onun fikrincə, bu cür problemlər partiya liderləri arasındakı şəxsi münasibətdən də qaynaqlanır: “Siyasi partiya bir adamın iradəsini ifadə etməməlidir. Hər bir partiyanın öz ideologiyası olmalıdır. Partiyalar arasında çəkişmələr ola bilər, bu, normaldır. Lakin dövlətin mənafeyi ilə bağlı olan məsələlərdə çəkici bir yerə vurmaq lazımdır”.
Məltəm TALIBZADƏ