Prezident İlham Əliyevin cəbhəyanı bölgələrdə təhlüksəsizlik tədbirlərinin gücləndirilməsi, habelə orada yaşayan əhalinin vəziyyətilə bağlı sərəncam imzalamasından sonra bu sahədə müəyyən işlər görülməkdədir.
Məsələ burasındandır ki, Azərbaycanla müharibə şəraitində olan Ermənistanın sərhəd bölgərlərində məskunlaşan əhalisi sadalanan güzəştlərdən uzun müddətdir istifadə edir. Bizdə də bu güzəştlərin tətbiqi mümkündürmü? Həmin ərzilərdə yaşayan əhalinin vergidən, kommunal xərclərdəm, tələbələrin təhsil haqqından azad olması üçün hansı işlər görülə bilər?Deputat Elman Məmmədov Modern.az-a bunun mümkün ola biləcəyini söyləyib:
“Hazırkı proseslər onu göstərir ki, bu sahədə işlər getdikcə sürətlənir. Cəbhəyanı bölgələrdə, ucqar kəndlərdə çalışan gənc müəllimlərə edilən güzəştlər də bunu göstərir. Bunlar prezident İlham Əliyevin sərəncamında, dövlət proqramında da öz əksini tapıb. Dövlət başçısının sərəncamına əsasən, ucqar kəndlərdə yaşayan, işləyən insanlara, xüsusilə gənc mütəxəssislərə qayğı artırılmalı, onlara müəyən güzəştlər edilməlidir”.
Deputat bildirib ki, proses qismən həyata keçirilib, növbədə onların mənzillərlə təmin olunması, enerji daşıyıcılarından istifadə xərclərindən, vergidən, o bölgədən olan orta məktəb məzunlarının ali və orta ixtisas məktəblərinə qəbuldan sonra təhsil haqqından azad olmaları, onlar üçün şərait yaradılması və digər məsələlərlə bağlı müəyyən addımlar atılması gözlənilir: “Təhsil haqqı ilə bağlı güzəşt bir şərtlə ola bilər: onlar təhsil aldıqdan sonra cəbhəyanı bölgələrə qayıtmalıdırlar. Düşünürəm ki, bu güzəştlər insanlarımızın həmin bölgələrdə işə cəlb olunmaları, həmin yerləri gənc nəslin tərk etməməsi, mərkəzdə təhsil aldıqdan sonra doğma yurdlarına qayıtması üçün stimulverici vasitə olacaq”.
Elman Məmmədov qeyd edib ki, bunlar çox vacib məsələlərdir:
“Mən də deputat və vətəndaş kimi bu məsələlərin həllində maraqlıyam. Lazımi məqamlarda bununla bağlı təklifimi verməyə hazıram. Artıq dünəndən etibarən 2015-ci ilin dövlət büdcəsi ilə bağlı paket daxil olub. Yaxın vaxtlarda parlamentdə büdcə layihəsinin müzakirəsi keçiriləcək. Layihədə də bununla bağlı müəyyən məqamlar var, biz də təkliflərimizi verəcəyik. Bu məsələnin gündəmə gəlməsi üçün deputatlar mütləq təşəbbüs göstərəcək. Büdcə layihəsi müzakirə olunanda sadaladığımız məsələlər qabardılacaq”.
Gülşən RAUFQIZI