Son günlər müxalifət partiyaları arasında növbəti gərginlik yaranıb. Bu cür qalmaqalların davamlı olması siyasi proseslərə də təsirsiz ötüşmür. Nəzərə alsaq ki, qarşıdan 2015-ci il parlament seçkiləri gəlir, deməli, müxalifət partiyalarının aktiv siyasi fəaliyyəti ön plana keçməlidir. Bəs, siyasi şərhçilər müxalifətin perspektiv fəaliyyətini necə şərh edər?
Modern.az saytı mövzu ilə bağlı “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun fikirlərini öyrənib:
“Ümumiyyətlə, mərkəz olaraq müxalifətin fəaliyyətini izləmirik. Çünki orada diqqətçəkən bir şey görünmür. Buna görə nəsə söyləmək çox çətindir. Son günlər müxalifətdə baş verənlərin isə siyasətlə bağlılığı yoxdur. Siyasət tamam başqa bir yoldur, hansısa planlar qurmaqdır. Seçkilərə hazırlaşmaq lazımdır. Ümumilikdə müxalifət çox pərakəndə, müxtəlif düşərgələrə bölünmüş vəziyyətdədir.
Azərbaycanda bir ənənə formalaşıb, kimsə deyir ki, müxalifət mənəm yerə qalanlar dövlətə işləyir. Bunun özü qeyri-sağlam yanaşmadır. Hansının gücü nə qədərdir, bu artıq başqa mövzunun predmetidir. Azərbaycanda müxalifət çox rəngarəngdir. Ancaq bu rəngarənglik siyasi addımların rəngarəngliyinə çevrilmir. Parlament seçkilərinə bir il qalıb. Bir il seçkiyə hazırlaşmaq, ən azı müəyyən planlar qurmaq üçün çox az vaxtdır.
Müxalifət düşərgəsində isə heç bir hərəkət görünmür. Digər tərəfdən, siyasi qalmaqal bir-birini təhqir etmək deyil. Əgər kimsə siyasəti o cür təqdim edib gündəmdə qalmaq istəyirsə, bu başqa məsələdir. Burda artıq siyasi düzən ola bilməz”.
Qeyd edək ki, Müsavat Partiyası qurultayını keçirdikdən sonra qurum daxilində gərginlik pik həddə çatıb. Bundan əlavə ənənəvi, Müsavat-AXCP qarşıdurması da özünün yeni mərhələsinə qədəm qoyub.
Namidə BİNGÖL