Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a bildirib ki, ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq ümumilikdə indiyədək qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 87 müasir tipli qəsəbə və çoxmərtəbəli yaşayış binaları kompleksi tikilib, 42 min ailə -220 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
“Məcburi köçkünlərin yeni mənzillərə köçürülmə prosesi “Dövlətqaçqınkom”un, əraziləri işğal olunmuş və məskunlaşma rayonların İcra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələrindən ibarət xüsusi yaradılmış komissiyanın iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilir”-deyə qurum bəyan edib.
“Əvvəllər komitə tərəfindən Bakı şəhərində bəzi dələduzluq halları barədə məcburi köçkünlər xəbərdarlıq edilməsinə baxmayaraq, son günlər paytaxt rayonlarında yenidən bu cür hallar baş verir. Komitəyə aidiyyəti olmayan müxtəlif şəxslər tərəfindən saxta yollarla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini hazırlayaraq bir qurup məcburi köçkünü mənzil verəcəyi ilə aldadaraq onlardan kifayət qədər vəsait mənimsəyiblər”.
Həmin dələduzların qeyri-qanuni əməllərinə aldandıqlarını bilən məcburi köçkünlər pullarının qaytarılmasını və həmin cinayətkar qurupun cəzalandırılması üçün komitədən köməklik göstərilməsini xahiş ediblər.
“Dövlətqaçqınkom” bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi, şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün dələduzluq hallarına qoşularsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.
“Dövlətqaçqınkom” bütün məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal məskunlaşdıqları ərazilərdəki rayon polis şöbələrinə məlumat versinlər.
Modern.az