
Bu il dekabr ayının 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bir neçə gündür bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi də başlayıb. Bundan əvvəlki seçkilərdə xüsusilə müxalifət partiyaları bələdiyyə seçkilərinə bir o qədər önəm vermədiklərindən seçki kampaniyasında da zəif iştirak ediblər. Bəs, bu dəfə necə olacaq, partiyalar bələdiyyə üzvlüyünə nə qədər namizəd irəli sürmək niyyətindədir? Modern.az saytı bununla bağlı partiyalara müraciət edib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, partiyadan bələdiyyə üzvlüyünə namizədlər irəli sürüləcək: “Bələdiyyə seçkilərində iştirakımızla bağlı partiyanın Məclisində qərar qəbul olunub. Xeyli müddətdir bu istiqamətdə iş gedir. Seçki dairələrinin bir qismində irəli sürəcəyimiz namizədlər artıq məlumdur. 1067 bələdiyyənin təxminən üçdə ikisinə namizədlərimiz irəli sürüləcək”.
AXCP-nin sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, hələ ki bu məsələ ilə bağlı qərar verməyiblər: “Partiya rəhbərliyi yaxın günlərdə seçkilərdə iştirak edib-etməmək barədə qərar qəbul edəcək”.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib ki, hakim partiya bütün dairələrdə namizədlərini irəli sürəcək: “Biz digər partiyalardan fərqli olaraq bələdiyyə seçkilərinə də böyük önəm veririk. Ona görə hər dəfə bələdiyyə seçkilərində çoxsaylı namizədimiz iştirak edir, böyük əksəriyyəti qalib gəlir”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da bələdiyyələrə partiya üzvlərinin namizədliklərini irəli sürəcəklərini vurğulayıb.
ADP-nin sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, bələdiyyə seçkilərində iştirak etmək niyyətləri var. Bununla bağlı üzvlərimizə müraciət etmişik. Amma iştirak etmək istəmirlər”.
Rüfanə GÜNƏŞ