“Qarabağ”la bağlı yuxularım çox vaxt gerşəkləşir”

Avropa Liqasının qrup mərhələsində yeganə təmsilçimiz olan “Qarabağ” klubu növbəti oyunda tarixi uğura imza atdı. Ukraynada qrupun favoritlərindən biri sayılan “Dnepr”lə qarşılaşan komandamız 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə çıxmaq şansını artırdı.
Oyundan öncə Modern.az-ın keçirdiyi sorğuda “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və deputat Aqil Abbas nəticə ilə bağlı proqnoz verərkən demişdilər ki, yuxularında “Qarabağ”ın 1:0 hesabı ilə qalib gələcəyini görüblər. Hər iki tanınmışın yuxusu çin oldu.
Bu münasibətlə Rəşad Məcidi təbrik etdik və yuxularının həmişə belə çin olub-olmamağı ilə maraqlandıq.
Onun sözlərinə görə, nə vaxt dünyaya saf, təmiz baxırsa, ürəyindən keçənlər reallaşır. Yəni həmin vaxt proqnozlaşdırdığı hadisələr həyata keçir:
“Əlbəttə, bu tez-tez olmur. Amma bir şeyi ürəkdən istəyəndə yuxularım çin olur”.
Rəşad Məcid deyib ki, 2009-cu ildə “Qarabağ”la bağlı proqnozu özünü doğruldub: “O vaxt “Qarabağ”ın oyunlarından birinin hesab 1:0 hesabı ilə nəticələnəcəyini, hətta hətta həmin qolu rəqib qapısına Rəşad Sadıqov vuracağını demişdim. Nəticə elə də olmuşdu. Ondan sonra da dəfələrlə proqnozlarım doğru çıxıb. Axşamkı oyunun nəticəsini yuxumda gördüm. Elə də oldu”.
Rəşad Məcid “Qarabağ” klubunun noyabrda “Dnepr”lə Bakıda keçiriləcək oyununa da indidən proqnoz verib: “Bu qarşılaşma heç-heçə başa çatacaq”.
Məltəm TALIBZADƏ