Bu gün ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşü gözlənilir.
Modern.az saytının məlumatına görə Fransa prezidenti Fransua Ollnadın vasitəçiliyi ilə baş tutacaq görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair müzakirələr aparacaqlar.
Yelisey sarayında Fransa prezidentinin Azərbaycan və Ermənistan dövlət başçıları ilə ayrı-ayrılıqda görüşü planlaşdırılır. Daha sonra isə görüş üçtərəfli formatda davam edəcək.Həmçinin ATƏT-in Minsk qrupunun həmsədləri ilə də Qarabağ probleminin həllinə dair fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, bu, avqust ayında cəbhə xəttində itkilərlə müşayiət olunan gərginliyin artmasından sonra Azərbaycan və Ermənistan prezidentlərinin üçüncü görüşüdür. Birinci görüş Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə, ikincisi isə sentyabr ayında ABŞ dövlət katibi Con Kerrinin səyi ilə Uelsdə baş tutmuşdu.
Aqşin Kərimov