“Beynəlxalq Qızıl Xaç Komitəsi girovların məhkəməsilə bağlı şərh vermir. Bizim komitə bununla bağlı məlumat mənbəyi deyil”. Bunu
Modern.az-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O, bildirib ki, yaxın günlərdə girovlara baş çəkilməyib.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.
Ermənilərin təxribatçı adlandırdığı Şahbaz Quliyev və Dilqəm Əsgərov bir neçə maddə ilə ittiham olunurlar. Erməni tərəfi azərbaycanlı girovların məhkəməsinin hakim Anatoli Tadevosyan sədrliyi ilə bu gün Xankəndi məhkəməsində baş tutacağını açıqlayıb.
Gülşən RAUFQIZI