Əliməmməd Nuriyev: “Bəzi şəxslər özlərinin xaricdəki havadarları ilə birlikdə geniş biznes fəaliyyəti qurmaq istəyirdi”

“İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupunun yaradılması çox mühüm bir addım hesab olunmalıdır. Bu İşçi Qrupu Azərbaycan Prezidentinin iradəsiylə və AŞPA-nın Baş katibi Turyorn Yaqlandın birgə təşəbbüsü ilə bərpa olunub”.
Bunu Modern.az saytına açıqlamasında İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupunun üzvü Əliməmməd Nuriyev bildirib.
Oktyabrın 22-də İşçi Qrupunun toplaşaraq öz fəaliyyətini bərpa etdiyini xatırladan Ə.Nuriyevin sözlərinə görə, bu qrupun bərpa edilməsindən dərhal sonra AB, AŞPA, ABŞ Dövlət Departamenti, həmçinin bu ölkənin Azərbaycandakı səfirliyi və digər çoxsaylı beynəlxalq onun fəaliyyətini alqışlardılar və Azərbaycan cəmiyyəti də bu məsələylə bağlı birmənalı mövqe nümayiş etdirdi. Onun fikrincə, eyni zamanda bəzi şəxslər İşçi Qrupun bərpasıyla heç cür razılaşa bilmirdi:
“Çünki İşçi Qrupunun bərpası həmin şəxslərin qərəzli fəaliyyətinə son qoyacaq. Onların arzusu ondan ibarətdir ki, hər zaman Azərbaycanda problemləri araşdırıb ortaya qoysun. Bu problemlə bağlı onlar özlərinin xaricdəki havadarları ilə birlikdə geniş biznes fəaliyyəti qurmaq istəyirdi. Bu baxımdan hər hansı bir formada İşçi Qrupun bərpası onların “maraqlarına” xidmət etmirdi. Buna görə də sosial şəbəkələrdə müxtəlif etiraz formaları təşkil etməyə cəhd etdilər ki, bu da fiaskoya uğradı. Çünki onların bəzisi bir neçə ay bundan əvvəl həbs olunmuş ayrı-ayrı şəxslərdən, yaxın qohumlarından məlumatlar toplamağa cəhd etdilər ki, onlar bu İşçi Qrupuyla hər hansı bir əlaqə qurmayacaqlar. Amma sonrakı proseslər bir daha onu göstərdi ki, hüquqları pozulması iddia edilən şəxslərin əksəriyyəti İşçi Qrupuyla əməkdaşlıq etməyə hazırdır”.
Ə.Nuriyevin fikrincə, İşçi Qrupun ilk iclasında Hilal Məmmədovun öz övladının toyuna buraxılmasıyla bağlı məsələdə özünü göstərdi ki, qrup bütün məsələlərdə ardıcıl mövqe tutmaqda qərarlıdır. Ə.Nuriyev deyir ki, iki gün bundan əvvəl NİDA Vətəndaş Hərəkatının İdarə Heyətininü üzvü Rəşadət Axundovun atası Fikrət Axundovun təşəbbüsüylə görüşüblər. F.Axundov bildirib ki, oğlunun adından imzalanan müraciət İşçi Qrupu yaradılmazdan xeyli əvvəl edilib, "Rəşadət Axundov bu gün fərqli bir mövqedədir və biz İşçi Qrupuyla bu gün əməkdaşlıq etməyə hazırıq". NİDA-çının atasıyla maraqlı fikir mübadiləsi apardıqlarını deyən Ə.Nuriyevin fikrincə, bu, onu göstərir ki, həbs edilən və ya barəsində məhkəmə hökmü çıxarılan şəxslərin əksəriyyəti İşci Qrupuyla əməkdaşlıq etməyə hazırdır. Ə.Nuriyev onu da vurğulayıb ki, İşçi Qrupunun növbəti iclaslarında bir sıra məsələlərin müzakirəyə çıxarılması gözlənilir. Hər bir məsələ hüquqa söykənərək ciddi araşdırılacaq.
Ə.Nuriyev onu da əlavə edib ki, İşçi Qrupunun digər üzvü Səadət Bənənyarlıya hazırda həbsdə olan Tofiq Yaqublunun övladı atasıyla görüşmək üçün müraciət edib: “Baxmayaraq ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada görüş limiti bitib. Amma bu məsələylə bağlı Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəhbərliyinə müraciət etdim və adıçəkilən xidmətin rəhbərliyi humanist yanaşaraq bu görüşə imkan yaratdı".
L.SƏMLA